Müdafiə Nazirliyi ermənilərin guya Azərbaycanın ötən gün cəbhədə Amerika istehsalı olan TR-107 reaktiv yaylım atəşi sistemindən istifadə etməsi barədə yaydığı dezinformasiyaya münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, düşmən tərəfin yaydığı informasiya tamamilə əsassızdır. “Amerika istehsalı olan TR-107 yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə olunması barədə Ermənistanın Müdafiə Nazirliyi dezinformasiya yayıb. Adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub”.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni hərbi qurumu özünü yalanı ilə özünü dolaşdırıb. Çünki adıçəkilən sistem əslində TR-107 yaylım atəşli reaktiv sistemi (YARS) Amerikada deyil, Türkiyədə istehsal olunur.
“Həmçinin Azərbaycan Silahlı Qüvvələri bu yaylım atəşi sistemindən istifadə etməyib. Yalnız düşmənin dinc əhalininin qətlinə səbəb olan vəhşi təxribatının qarşısını alıb”.
Qeyd edək ki, Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirib. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.