Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərlə bağlı sığorta ödənişlərinin verilməsinə başlanılıb – RƏSMİ

16 noyabr tarixdə Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.

“16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”, – deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Teqlər: