44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən döyüş bölgəsindən kənarda yerləşən dinc şəhər və kəndlərimiz bombardman edilib. Nəticədə mülki əhaliyə və həmin rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər dəyib, onların normal işgüzarlıq fəaliyyəti pozulub.
Dövlət Vergi Xidmətindən AzerTimes-a bildirilib ki, Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 6 iyul 2021-ci il tarixli sərəncam imzalayıb.
Qeyd olunan sərəncamın icrasının təmin edilməsi məqsədilə zərərin qiymətləndirilməsi və aradan qaldırılması üçün müvafiq rayonlarda dövlət başçısının 6 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupları tərəfindən araşdırmalar aparılıb, 294 sahibkarlıq subyektinin əmlakına ziyan vurulduğu müəyyənləşdirilib və dəymiş ziyanın həcmi qiymətləndirilib. Müəyyən olunub ki, Vətən müharibəsi dövründə 294 sahibkarlıq subyektinin əmlakına dəyən ziyanın ümumi məbləği 4.741.647,0 manat təşkil edir.
Daşınmaz əmlakı dağıdılmış və qəzalı vəziyyətə salınmış sahibkarlıq subyektlərinin dövriyyə vəsaitlərinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan vasitələrinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib və zərər çəkmiş sahibkarlara vəsaitlərin ödənilməsinə başlanılıb. Avqust ayının sonuna artıq 245 sahibkarlıq subyektinin müvafiq bank hesabına 4.261.941,0 manat vəsaitin ödənişi təmin olunub. Proses davam edir.