Ermənistanın son Brüssel razılaşmasından sonra atacağı addımlar regionda yaranmış yeni reallıqlara adekvat olmalıdır

İkinci Qarabağ müharibəsindən sonra qalib və məğlub ölkələrin
rəhbərləri üçüncü dəfə Belçikada bir araya gəldi. Düzdür, buna
qədər də üçtərəfli görüşlər bir neçə dəfə baş tutsa da, Brüsseldəki
son görüşdə sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə
komissiyaların tezliklə işə başlaması, postmüharibə dövrünün
reallıqları, nəqliyyat-kommunikasiya məsələlərinin həlli, bu sırada
Zəngəzur dəhlizinin işə düşməsi və digər vacib məsələlər daha
ətraflı müzakirə edildi.Görüşdə əldə olunan anlaşmalarla bağlı
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasından
aydın oldu ki, masa üzərində rəsmi Bakının təklif etdiyi məlum 5
prinsipi özündə ehtiva edən bir gündəlik var və danışıqlar da
müstəsna olaraq həmin gündəlik əsasında qabağa aparılacaq ki, bu da
Azərbaycanın milli maraqlarına tam uyğundur. Bundan əvvəl keçirilən
görüşlərdə olduğu kimi, Brüssel görüşündə də Azərbaycan Prezidenti
İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bir daha ortaya
qoydu. Şarl Mişel açıqlamasında Qarabağdakı etnik erməni
əhalisindən danışsa da, “Dağlıq Qarabağ” ifadəsini, “artsax xalqı”,
“öz müqəddəratını təyin etmə” kimi ifadələri işlətmədi. Onun
görüşlə bağlı yekun açıqlamasında Qarabağdakı etnik erməni əhalinin
hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibliyini
deməsi Azərbaycana – rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik
məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir, –
mesajıdır.

Qarabağ ərazisində erməni vətəndaşlar eyni hüquq və azadlıqlara
malik olacaq, Azərbaycan dövlətində təhlükəsizlik içində
yaşayacaqlar. Onlar üçün heç bir xüsusi statusdan söhbət gedə
bilməz. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ermənilərə
status verilməyəcəyini açıq-aydın bəyan edib.

Azərbaycan dövlətinin başçısının mövqeyi tamamilə açıq və
aydındır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın
qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə
qayıdış yoxdur. Azərbaycan onu güc yolu və siyasi vasitələrlə həll
edib. BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il
sonra bunu birtərəfli qaydada həyata keçirib və bu, ilk növbədə,
Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır.
Postmüharibə vəziyyətinin gedişatından göründüyü kimi əsas
beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu
yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Artıq, “Dağlıq
Qarabağ problemi” ifadəsi leksikondan çıxıb, “status-kvo” kimi
anlayışlara ehtiyac qalmayıb. Çünki Azərbaycan şanlı Zəfəri bu
problemə birdəfəlik son qoyub. Yeni reallıqlardan çıxış edən rəsmi
Bakının mövqeyi gələcəyə baxmaq, regionun inkişafına xidmət edən
iqtisadi potensialı hərəkətə gətirmək, kommunikasiyaların
açılmasını, sülhü və təhlükəsizliyi təmin etməkdir.

Artıq, Dağlıq Qarabağdakı muxtariyyət beynəlxalq hüququn
tələblərinə cavab verməyən, zorakılıq yolu ilə yaradılmış
qeyri-qanuni inzibati vahid kimi tarixin arxivinə göndərilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi
Qarabağ iqtisadi rayonu işğaldan sonrakı Azərbaycanın tərkibində
Qarabağın ən real statusunu müəyyən edir. Regionun erməni əhalisi
də Azərbaycanın digər bölgələrində yaşayan başqa azsaylı xalqlarla
bərabər hüquqlar əldə edərək onlar üçün yaradılmış multikultural
mühitdə yaşayıb-yaratmaq imkanları qazana biləcəkdir. Artıq
Azərbaycanda Böyük Qayıdışın epopeyası yaşanır.

Uzun müddət sərhədlərin müəyyənləşdirilməsi və sülh
müqaviləsinin imzalanmasını əsassız yerə yubadan Ermənistan isə
nəhayət ki, sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün
Azərbaycanla birgə işçi qrupları yaradaraq bu istiqamətdə
fəaliyyətə başlayıb. Brüsseldə Azərbaycan – Ermənistan liderlərinin
sonuncu görüşündən iki gün sonra sərhədin delimitasiyası ilə bağlı
yaradılan komissiyalar bir araya gələrək müzakirələr aparıblar.

Ermənistanda isə revanşistlərin etiraz aksiyaları komissiyaların
birgə görüşündən sonra da davam etməkdədir, yenə də absurd
“türklərə Ermənistanda yer yoxdur” kimi şüarlarla… Bütün
platformalarda Qarabağ ermənilərinə Azərbaycan dövlətinin
yurisdiksiyasından kənarda status verilməsi haqqında tələb irəli
sürür, erməni toplumunu “satqın Paşinyan”a qarşı birləşməyə
çağırırlar.

Göründüyü kimi, Ermənistandakı radikal kəsim budəfəki Brüssel
anlaşmasının da kağız üzərində qalması üçün var gücləri ilə
hərəkətə keçib. İşğalçı ölkə bu qədər itkilərə rəğmən, yenə də
məkrli niyyətindən, “status-kvo”nu saxlamaq istəyindən əl çəkmir.
Əlbəttə ki, belə siyasi oyunbazlıqlar keçməyəcək. Çünki, Bakı belə
oyunlara sonsuzadək dözüm göstərmək niyyətində deyil.

Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə
əlaqələrin normallaşdırılması, həqiqi qonşu olmaq və ərazi
iddialarından çəkinməyə insanları inandırmaq üçün mühüm addımların
atılmasıdır. Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan ərazi
bütövlüyünü bərpa edib. Şərtləri Azərbaycan diktə edir və bundan
sonra da belə olacaq. Müharibədə məğlub olmuş Ermənistan isə
yaranmış yeni vəziyyətə uyğun davranmağa məhkumdur, imzalanan
kapitulyasiya aktı və digər müvafiq sənədləri son bəndinə qədər
icra etməyə borcludur.

Ermənistan rəhbərliyi sərhədlərin müəyyən edilməsi prosesinin
gedişinə bundan sonra da hər vəchlə mane olmaq, prosesi ləngitmək
istəsə, unutmamalıdır ki, bu Azərbaycan tərəfinin səbrinin
tükənməsinə, Azərbaycan Ordusunun öz gücünü yenidən nümayiş
etdirməsinə gətirib çıxara bilər!

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

Teqlər: