Ermənistanın silahlandırılması bölgədə yeni müharibə ocağını alovlandırmaq deməkdir – Sevil Mikayılova

Xəbər - Çingiz Səfərli – Trend:

Ermənistanın silahlandırılması bölgədə yeni müharibə ocağını alovlandırmaq deməkdir.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. O bildirib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsilə Cənubi Qafqazda əldə olunmuş sülhün qorunması üçün bütün tərəflər öz məsuliyyətini dərk etməlidirlər:

“Bölgədə qüvvələr balansının süni pozulmasına yönəlmiş istənilən cəhdlər və ya addımlar uğursuz təşəbbüsdür. Bu cür niyyətlərin “qara” hədəfi xalqlar arasında qarşılıqlı etimad mühitinin yaranmasını əngəlləmək, Cənubi Qafqazı qərginlik mərkəzi kimi saxlamaqdır. 30 il müddətində rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh danışıqları yolu ilə həllinə olan bütün ümidləri heçə endirmişdi. 44 günlük müharibə əslində Azərbaycan xalqının qurtuluş savaşı idi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi qələbə çaldıq və ərazi bütövlüyümüz təmin olundu. Prezident İlham Əliyevin söylədiyi kimi, “Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”. Qələbənin əldə olunmasında mühüm amillərdən birincisi, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti idi. Ermənistan–Azərbaycan münaqişəsinin həlli həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsində mühüm nailiyyət oldu. Münaqişə vəziyyəti davam etdikcə, onun region üçün siyasi və iqtisadi fəsadları daha da ağırlaşırdı. 44 günlük müharibədə Azərbaycanın mütləq qələbəsi ədalətin bərpa edilməsi və beynəlxalq hüquq normalarının bərqərar olunmasını təmin etdi”.

Millət vəkili əlavə edib ki, hazırda bölgədə çətinliklə, qurbanlar və itkilər bahasına əldə olunmuş sülhü qorumaq üçün bütün resurslar səfərbər edilib. 10 Noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın mütləq həyata keçirilməsi şərtdir:

“Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalayıblar və sənəddə əksini tapan müddəaların böyük bir qismi artıq gerçəkləşib. Lakin bəzi məsələlər hələ də icra olunmamış qalır. Azərbaycanın Rusiyadan gözləntisı üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. Yaxşı olar ki, Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, bölgənin təhlükəsizliyi üçün öz səylərini davam etdirsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Ermənistanı bu və ya digər yollarla silahlandırmaq istəyi təbii ki, Azərbaycan tərəfində narahatlıq yaradır. Müharibə başa çatıb və Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri ilə görüşü zamanı Ermənistana Rusiya silahlarının göndərilməsi prosesinın başlanması ilə bağlı bəyanat səsləndirib. Bu məsələ təbii narahatlıq doğurur, belə ki, Ermənistan daxilində revanşist meyillərin daha da güclənməsi ilə müşahidə oluna bilər”.

S.Mikayılova həmçinin qeyd edib ki, eyni zamanda, Ermənistanın lüzumsuz silahlandırılması bölgədə “silah uğrunda yarışmanı” sürətləndirə bilər:

“Bu isə nəticə etibarilə bölgədə gərginliyi artıracaq, sülhün möhkəmləndirilməsi prosesini zərbə altına qoyacaq. Azərbaycan münaqişəyə son qoyaraq, yeni tarixi dönəmə daxil olub. Hazırda, işğaldan azad olunmuş ərazilərin bərpa olunması, burada yeni layihələin icra olunması və bu torpaqlara normal həyatın qaytarılması istiqamətində bütün qüvvələr səfərbər olunub. Burada eyni zamanda təkmil hərbi infrastruktur da yaradılmaqdadır və Azərbaycan Ordusu bu ərazilərdə möhkəmlənir. Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi sayəsində milli təhlükəsizliyimizə yönəlmiş bütün təhdidlərə anında cavab veriləcək”.

Twitter:@cingizsafarli

Teqlər: