Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirmək istəyi yolverilməzdir – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanın Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirmək və onu beynəlxalq müstəviyə çıxarmaq istəyi yolverilməzdir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığında da qeyd etdiyi kimi, Ermənistanın dövlət sərhədlərinin dəqiqləşdirilməsinə qeyri-adekvat reaksiyası və məsələni beynəlmiləlləşdirmək cəhdləri vəziyyəti əslində daha da gərginləşdirir:

“Ümumilikdə Azərbaycan bölgədə sabitliyin qarantı kimi çıxış edən ölkədir. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra dayanıqlı sülhün bərqərar olması naminə üçtərəfli bəyanatın düzgün həyata keçirilməsi bölgədə təhlükəsizliyə təminat yaradır. BMT tərəfindən tanınmış sərhədlərinə qayıtmaq Azərbaycanın suveren hüququdur və bu məsələdə suni əngəllərin yaradılması prosesi lüzumsuz yerə ləngidir”.

S.Mikayılova qeyd edib ki, 30 il müddətində işğal nəticəsində Ermənistanla sərhədlərimiz qeyri-müəyyən olaraq qalmışdı: “Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq bizim ərazilərimizdə qeyri-qanuni məskunlaşma aparmışdı, digər ölkələrdən erməni əsilli insanları işğal etdiyi ərazilərimizə yerləşdirmişdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz suveren sərhədlərini bərpa etdikdən sonra dövlət sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı prosesə başlanıldı. Lakin Ermənistan bu məsələni süni şəkildə gərginləşdirməyə çalışır və hesab edirəm ki, bu çox lüzumsuz bir addımdır.

Ermənistan bilməlidir ki, keçmiş SSRİ-nin sərhədlərlə bağlı dəqiqləşdirilmiş xəritələri mövcuddur, SSRİ konstitusiyasında da bu öz təsbitini tapıb. Eyni zamanda beynəlxalq sənədlər çərçivəsində də, o cümlədən 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində imzalanan Helsinki Yekun Aktında da Azərbaycanın sərhədlərinin haradan keçdiyi məlumdur. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra onun suveren sərhədləri də BMT tərəfindən məhz həmin sərhədlər çərçivəsində tanınmışdı və bu gün Azərbaycan dövlətinin sərhəddə qurduğu postlar Ermənistan ərazisində qurulmur. Postlar birbaşa olaraq BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində qurulmaqdadır”.

Deputat bildirib ki, Azərbaycan tərəfi bu xüsusda bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayır:

“Yəni, ümumilkdə mövcud olan müəyyən narazılıqlar güc yolu ilə deyil, məhz danışıqlar vasitəsilə çözülə bilər. Münaqişə sonrası sabitliyin qorunub saxlanması proseslərin nəzarətdə olduğunu, 10 noyabr bəyanatının icrasının mütləq olduğunu deməyə əsas verir. Öz ərazilərini işğaldan azad edən Azərbaycan sülhyaratma prosesində yaranan çətinliklərin dəf olunmasına çalışır. Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir. Beynəlxalq birliyin öz növbəsində bölgədə sülhə aparan addımların sürətləndirilməsi üçün cəhdlərini əsirgəməyib, bu istiqamətdə xalqlara siyasi dəstək göstərmələri arzuolunandır”.

Teqlər: