Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Rusiyaya maliyyə ödəməsi müqabilində sifariş etdiyi silahları ala bilmədiyini deyib. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın da açıqlaması var. Nazir müavini silahların çatdırılmanın ləngiməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb.
AzerTimes xəbər verir ki, bu barədə dəyərləndirmə aparan politoloq Elxan Şahinoğlu məsələnin qaranlıq tərəfi olduğunu vurğulayıb.
“Nikol Paşinyan hakimiyyətə gəlmədən əvvəl keçmiş prezident Serj Sərkisyan Rusiyadan 200 milyon dollar kredit almışdı və bu kredit elə Rusiyanın özündən hərbi texnika almaq üçün verilmişdi. Ermənistan hərbi texnikanın alışı üçün Rusiyaya pul ödəyibsə, onda həmin kreditin taleyi necə olub? Rusiya İkinci Qarabağ müharibəsinin gedişində Mərkəzi Asiya və İranın hava sahəsi üzərindən Ermənistana kifayət qədər silah və sursat göndərdi ki, bu ölkə Azərbaycana məğlub olmasın. Bəs bu silah və sursatın pulu necə ödənib və ya ödənibmi?” – ekspert bildirib.
Politoloq qeyd edib ki, Rusiya hazırda Ukrayna bataqlığının içərisində olduğu halda özünə silah və sursat çatdıra bilmirsə, başqasını təmin etmək iqtidarında deyil.