Ermənistanın reallıqları qəbul etməkdən başqa çıxış yolu yoxdur – TƏHLİL

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Məlum olduğu kimi, noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşü olacaq. Görüşdə bir sıra məsələlərin, o cümlədən nəqliyyat və kommunikasiyaların açılmasının, sərhədlərin delimitasiya və demarkasiyasının müzakirə olunacağı gözlənilir. Həmçinin, Soçidə Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü də nəzərdə tutulur.

Məsələ ilə bağlı AzerTimes-ə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, burada diktə edən tərəf Azərbaycandır və Soçi görüşü Ermənistanın 10 noyabr 2020-ci il tarixdə imzaladığı kapitulyasiya aktının davamı hesab edilə bilər.

“Paşinyan çox vurnuxdu, Rusiya ilə Qərb arasında müəyyən gərdişlər etdi və noyabrın 9-da nəzərdə tutulan görüşü boykot etməklə Moskva ilə münasibətlərdə müəyyən soyuqluq yaratdı. İndi məlum olur ki, həmin vaxtlar Paşinyan daim Fransa Prezienti Emmanuel Makronla əlaqə saxlayır və onunla məsləhətləşirmiş. Həmçinin, noyabrın 16-da həyata keçirilən təxribatların təşkil edilməsini də Paşinyanın qulağına Fransa tərəfi pıçıldayıb. Ermənistan hesab etdi ki, burada hər hansısa bir uğura nail ola bilər. Lakin layiqli cavab verildi. Daha sonra ABŞ-la əlaqə, Avropadakı digər dairələrlə danışıqlar Rusiyanı Ermənistanla daha sərt danışmağa sövq etdi. Putinin Paşinyana 2 dəfə zəng etməsi də bunun göstəricisi idi. Bu təzyiqlər ikinci telefon zəngində özünü daha açıq şəkildə göstərmişdi. Çünki burada Paşinyanın tövbələri Rusiyaya və KTMT-ya sədaqəti, “Rusiya olmasaydı, Ermənistanın vəziyyəti necə ola bilərdi” kimi yalvarışları əksini tapmışdı. Əlini qüvvətləndirmək istəyən Paşinyan beləliklə növbəti dəfə məyusluğa düçar oldu. İndi onun regiondakı reallıqları qəbul etməkdən başqa çıxış yolu qalmayıb və uğursuz manevrləri Paşinyanı gözdən salıb. Üstəlik də Rusiya başa düşdü ki, bu məsələdə geciksə, ABŞ da, Fransa da Rusiyanın arxa bağçası hesab etdiyi bölgəyə daxil ola bilərlər. Bu da Moskvanın geosiyasi maraqlarına zidd olar” – deyə, politoloq bildirib.

Politoloq İlyas Hüseynov da Ermənistanın Soçi görüşündə reallıqları qəbul etməkdən başqa yolu olmayacağı qənaətindədir. Bu baxımdan, gözləntilər böyükdür.

“Ermənistan son dövrlərdə hərbi təxribatlara əl atdı. Eskalasiya vəziyyəti genişləndi. Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olundu və elan edildi ki, dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Avropanın siyasi paytaxtında, Rusiyanın meydançalarından uzaq görüşün keçirilməsi təbii ki, Rusiyanı da narahat edən bir məqam kimi qiymətləndirildi. Digər tərəfdən, Ermənistanda rusiyafob meyillərin güclənməsi, Rusiyanın bölgədəki siyasətinin inkar edilməsi istiqamətində geniş fəaliyyət hiss olunur. Paşinyan və komandası çalışır ki, Ermənistan Rusiyanın təşəbbüsü ilə icra olunan bütün layihələrdən kənara çıxsın. Belə olan təqdirdə Ruusiyanın da əsas istəyi bölgədə təsir imkanlarının saxlanılmasıdır. Buna görə də Soçidə növbəti görüş keçiriləcək. Görüşdə nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı məsələlərin müzakirəsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işçi qrupun formalaşdırılması gözlənilir. Soçi görüşündən gözləntilər çox böyükdür. Ardınca Brüssel görüşünün də keçirilməsi tərəflər arasında dialoqun daha da genişlənməsinə xidmət edəcək. Sülh müqaviləsinin imzalanması baxımından görüşlərin intensivliyi mühüm əhəmiyyət kəsb edir” – deyə, ekspert bildirib.

Teqlər: