Ermənistanın öhdəliklərinə sadiq qalmaması bölgədə sülhün yaranmasına mane olur – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan tərəfindən sülh sazişi barədə təklifin irəli sürülməsinə baxmayaraq, Ermənistan nəyin bahasına olursa-olsun, ən müxtəlif provakasiyalarla gərginliyi artırmağa, bölgədə münaqişə vəziyyətinin qaldığını görüntüləməyə və bununla da üçüncü qüvvələrin regiona müdaxiləsi üçün bəhanə yaratmağa çalışır.

Bunu AzerTimes-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, lakin Azərbaycan Prezidentinin “CNN Türk” televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, sülh müqaviləsi ilə bağlı təklif masa üzərində uzun müddət qalmayacaq və müxtəlif istiqamətlərdən Azərbaycana qarşı həyata keçirilən təxribatların qarşılığı ən sərt formada veriləcək, 44 günlük müharibənin ədalətli nəticəsinin yaratdığı reallıqlar ölkəmizin üstün mövqeləri ilə daha da möhkəmləndiriləcək:

“Şübhəsiz ki, Ermənistanın təxribat xarakterli davranışlarını stimullaşdıran çoxsaylı səbəblər var. Bu səbəblərin sırasında, erməni cəmiyyətinin uzun illərdən bəri ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya kimi radikal və zəhərli ideoloji atmosferdə “nəfəs almaları”, erməni Qriqoryan kilsəsi, diaspor, öz fəaliyyətlərində terroru vasitə kimi seçən radikal millətçi təşkilatların apardıqları təbliğat, qonşularla normal münasibətlərin qurulmasının tərəfdarı olan sağlam düşüncəli insanların təzyiqlərə məruz qalması, məhv edilməsidir. Məhz bu və Ermənistandan bölgədə maşa kimi istifadə edən xarici qüvvələrin nəzarəti altında olan siyasətçilərin fəaliyyəti nəticəsində erməni cəmiyyəti zamanında regiondakı reallıqları qəbul edə bilməyib, miflərin arxasınca sürünüb, bu miflər darmadağın ediləndə isə ağır psixoloji sarsıntı içərisində qalıb”.

Ekspert onu da əlavə edib ki, vaxtilə erməni xalqına həqiqəti demək istəyənlər Azərbaycan əraziləri işğalı üzərindən özlərinə siyasi karyera quran, böyük maliyyə imkanları qazanan müharibə cinayətkarları tərəfindən terrora məruz qalıblar və Ermənistanda regionda sağlam münasibətlərin qurulmasına xidmət edən bütün alternativ fikirlər “süngü” ilə qarşılanıb:

“Qonşularla normal münasibətlərin qurulması, müharibəyə son qoyulması çağırışları ilə çıxış edən erməni yazıçısı və ictimai-siyasi xadimi Vardqes Petrosyanın 1994-cü ildə yaşadığı binanın girişində qətlə yetirilməsi, Azərbaycanla sülh tərəfdarı olan siyasətçilərin 1999-cu ildə Ermənistan parlamentində terrora məruz qalmaları və buna bənzər çoxsaylı cinayət hadisələri Ermənistan cəmiyyətində həqiqəti demək istəyənlərin gözünü qorxudub, sağlam düşünməyi bacaran insanlar daim qorxu və basqı altında qalıblar.
Şübhəsiz ki, Ermənistanın təxribatlarının davam etməsində kapitulyasiyaya uğramış ölkəni yenidən silahlandırmağa, təcavüzkar qüvvələri yenidən ruhlandırmağa cəhd göstərənlərin “xidməti” də az deyil. Bəzi dairələrin “dovşana qaç, tazıya tut” siyasətini davam etdirməsi, öhdəliklərinə sadiq qalmamaları bölgədə davamlı və dayanıqlı sülhün yaranmasına mane olur. Məhz bu səbəbdən, Azərbaycanın sülh müqaviləsi təklifinin uzun müddət masa üzərində qalmayacağını hər kəs başa düşməli və nəticə çıxarmalıdır”.

Twitter:@cingizsafarli

Teqlər: