Ermənistanın növbəti təxribatları da fiaskoya uğradı – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarından etibarən təxribatlar törtəməyə başlayıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi şəhid olub. Bununla yetinməyən Ermənistan yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ermənistanın sərhəddəki vəziyyəti gərginləşdirməsi növbəti hərbi avantüradır.

Sərhəddəki gərginliyi AzerTimes-a şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatların əsl səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir.

“44 günlük müharibədə ağır məğlubiyyətə uğramasına, kapitulyasiya bəyanatına imza atmasına rəğmən Ermənistan müxtəlif qarşıdurma, təxribat törətməklə hələ də ordusunun varlığını sübut etməyə çalışır. Ermənistan məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə çalışır. Həmişə işğalçılıq siyasəti yürüdən Ermənistan heç zaman sülh və sabitlik tərəfdarı olmayıb.

Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi nəticəsində regionda yeni reallıqlar, yeni əməkdaşlıq mühiti yaranıb. Sülhün və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması üçün imkanlar yaranıb. 10 noyabr bəyanatında və ondan sonra əldə olunan digər razlaşmalarda da bu məsələlər öz əksini tapıb. Lakin Ermənistan həmişəki kimi bu cür təxribatlar törətməklə sülh və sabitliyin və əməkdaşlığın tərəfdarı olmadığını göstərir. Ermənistan tərəfi bu razılaşmaların yerinə yetirilməsinə əngəllər törətməyə çalışır, lakin onlar unutmamalıdırlar ki, Ermənistan istəsə də, istəməsə də o razılaşmalar həyata keçiriləcək, bunun başqa yolu yoxdur”, – deyə deputat bildirib.

Deputat deyib ki, Ermənistan hər zaman olduğu kimi yenə də pozuculuq əməllərindən geri qalmır.

“Lakin hər dəfə Azərbaycan Ordusu Ermənistana layiqli cavab verir. Bu dəfə də baş verənlər əvvəlki hadisələrindən fərqlənmədi, Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur oldu, erməni silahlı qüvvələrinin çirkin niyyətləri fiaskoya uğradı”, – deyə A.Hüseynov qeyd edib.

Deputat Vüqar İskəndərov isə AzerTimes-a açıqlamasında təəssüflə bildirib ki, Ermənistan hələ də yaşananlardan dərs çıxarmaq istəmir.

“Amma bu ölkədə müharibə ritorikası ilə yaşayanlar bilməlidirlər ki, terror və hərbi təxribatlar Ermənistanın özü üçün çox acınacaqlı nəticələr verə bilər. Bu təxribat bədxah qonşularımızın öz xislətlərindən əl çəkmədiyini göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da vurğulandığı kimi, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır. Hesab edirəm ki, dünya birliyi tez bir zamanda Ermənsitana bu təxribatçı addımlara son verilməsi istiqamətində təzyiq göstərməlidir. Əks təqdirdə bu ölkə yenidən Azərbaycanın “dəmir yumuruğunu” dadmalı olacaq”, – deyə deputat vurğulayıb.

Deputat indiki halda Ermənsitan tərəfindən yol verilən bu təxribatları bədxah qonşualrımızın öz dövlətlərinə qəsdi kimi də dəyərləndirib: “Bəlli olduğu kimi, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi Ermənistanın sarsıdıcı məğlubiyyəti, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələndi. Məhz bu müharibədə ordusu darmadağın olan Ermənistan elə bir vəziyyətə düşüb ki, yalnız Azərbaycanın diktəsi ilə yaşamaq, inkişaf etmək şansı qalıb. Düşünmək olardı ki, bu ölkənin siyasi rəhbərliyi nəhayət ki, heç olmasa bundan sonra ağıllı qərarlar qəbul etməkdə özündə güc tapacaq. Amma görünən odur ki, bu ölkə hələ də işğalçı, təxribatçı mahiyyətindən əl çəkə bilmir. Hər halda, Ermənistan tərəfindən sərhəddə mütəmadi olaraq atəşkəsin pozulması belə deməyə əsas verir.

Görünür, Ermənistanın siyasi və hərbi rəhbərliyində təmsil olunanlar bu yolla, yəni sərhəddə atəşkəsi pozmaqla nəyəsə nail olacaqlarını düşünürlər. Lakin onlar yanılırlar. Çünki baş verənlər Ermənsitana müsbət heç nə vəd etmir. Əksinə, bu cür təxribatçı əməllərdən əl çəkməyəcəkləri təqdirdə bədxah qonşularımız daha da ağır vəziyyətə düşəcəklər”.

Teqlər: