Azərbaycan Ombudsmanı Ermənistanın insan tələfatı ilə nəticələnən növbəti terror aktı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
AzerTimes xəbər verir ki, müraciətdə qeyd olunur:
3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan əsgəri Anar Rüstəm oğlu Kazımov şəhid olub.
Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan davamlı olaraq terror təxribat əməlləri törədərək günahsız insanların həyatlarını itirməsinə, münaqişənin yenidən alovlanmasına səbəb olurlar.
Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin davam etdirildiyi bir zamanda Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri bizi olduqca narahat edir.
Qanunsuz erməni silahlı qüvvələri tərəfindən törədilmiş növbəti terror aktı ilə Ermənistan üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda regionda sülhə və sabitliyə xələl gətirdiyini, iki dövlət arasında münasibətlərin normallaşmasını istəmədiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirir.
İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət edərək günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan Ermənistanın davamlı terror təxribat əməllərini pisləyir, bu kimi cinayətkar əməllərə son qoyulması, beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edirik.