Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb – Nazir

Xəbər - Samir Əli – Trend:

Ədliyyə Nazirliyi tərəfindən düşmənin işğalçılıq faktları və müharibə cinayətləri ilə bağlı xarici ölkələrin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciətlər ünvanlanıb.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir qeyd edib ki, dünya ictimaiyyətinin düzgün və dolğun məlumatlandırılması məqsədi daşıyan müraciətlər reaksiyasız qalmayıb: “Bəzi dövlətlər münasibət bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini bildirib, beynəlxalq hüquq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun pozuntularının araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər. Yeri gəlmişkən, Ermənistanın hərbi cinayətləri bu ilin mart ayında Yaponiyada BMT-yə üzv dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yüksək rəsmilərinin iştirakı ilə keçirilmiş BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində də ifşa edilib. Belə ki, Konqresdə Azərbaycan, həmçinin ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan 120 dövlət adından Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi tərəfimdən çıxış edilərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətləri, xüsusilə Ermənistan tərəfindən beynəlxalq normalara zidd olaraq xarici ölkələrdən olan terrorçu muzdluların cəlb edilməsi, erməni diasporu tərəfindən aldatma və digər qanunsuz yollarla silah və sursatların alınması və humanitar yardım adı altında münaqişə zonasına mülki aviasiya vasitəsilə qanunsuz göndərilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin işğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun dağıdıldığı, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv olunması ya da talanması faktları vurğulanmış, həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunması qeyd edilib”.

Fikrət Məmmədov deyib ki, konqres iştirakçılarının və bütün dünya hüquq ictimaiyyətinin diqqəti Ermənistanın bu cinayət əməllərinə cəlb olunmuş, sülh üçün təhlükə olan bu əməlləri törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı bütün dövlətlərə çağırış olunub: “Qoşulmama Hərəkatı adından çıxış edilərkən Kioto Konqresinin gündəliyindən irəli gələn məsələlərlə bağlı Hərəkatın mövqeyini əks etdirən bəyanat barədə məlumat verilmişdir. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin razılığı ilə qəbul edilərək yayımlanmış bəyanatda Azərbaycan tərəfinin təkliflərinə uyğun olaraq xeyriyyə təşkilatlarından terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması, münaqişə dövründə vandalizm aktları, mədəni irsin dağıdılması və ya talanması ilə bağlı böyük narahatlıq ifadə olunaraq bu halların aradan qaldırılmasına, qanunsuz çıxarılmış mədəni mülkiyyətin qanuni sahibinə geri qaytarılması ilə bağlı çağırışlar təsbit olunmuşdur”.

Nazirin sözlərinə görə, konqres iştirakçılarının diqqətini cəlb edən bu əsaslı ittihamlardan yayınmaq istəyən Ermənistan tərəfi ölkəmiz və Türkiyə ilə bağlı uydurma fikirlər söyləmiş, lakin Azərbaycan nümayəndə heyətinin tutarlı dəlilləri ilə onların yalanları tam ifşa olunub: “İclasda qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair qəbul olunmuş 5 illik proqram xarakterli Kioto Bəyannaməsində Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən müddəalar tam əksini tapıb.

Hazırda ermənilər tərəfindən işğal dövründə dağıdılmış torpaqlarımızın bərpa olunması, bir milyondan çox keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün həmin ərazilərin yenidən həyata qaytarılması ilə bağlı genişmiqyaslı quruculuq işləri aparılır.

Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri qarşımızda duran ən ümdə vəzifələrdir. Bununla əlaqədar dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi üzrə 01.11.2020-ci il tarixli əmrlə kompleks tədbirlər müəyyən olunmuş, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılmış, zəruri təşkilati işlər görülüb.

Qeyd etməliyəm ki, nazirlik tərəfindən strukturuna daxil olan yerli və regional qurumlar vasitəsilə insanlara hüquqi xidmətlərin göstərilməsi sahəsində çoxşaxəli fəaliyyət göstərir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmə qərarlarının icrasını və probasiya nəzarətini təmin edir, bələdiyyələrə metodoloji yardım göstərir, inzibati nəzarət həyata keçirir.
Həmin ərazilərdə bu sahədə fəaliyyətin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ regional ədliyyə idarəsi yaradılıb”.

Teqlər: