Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməsi Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsinə yol açır – Amerikalı analitik

Ermənistanın Azərbaycanın Füzuli və Zəngilan rayonlarında 92 min tank və piyada əleyhinə minalara dair xəritələri saxlanılan 15 erməninin təhvil verilməsi müqabilində təqdim etməsi Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsinə və gələcək birgə iqtisadi layihələrə yol açır.

Bunu AzerTimes-a amerikalı analitik İrina Tsukerman deyib.

Onun sözlərinə görə, bunu hələ həll edilməli bir çox problemin olmasına baxmayaraq davamlı sülhə doğru növbəti addım hesab etmək olar.

Ekspert qeyd edib ki, Azərbaycanın saxlanılan erməniləri təhvil verməsi sadəcə etimad yaratmaq üçün bir addım deyil, həm də beynəlxalq aləmə bu ölkənin sülh quruculuğunda irəliləyiş üçün maneələr yaratmaqda maraqlı olmadığına siqnaldır.

Eyni zamanda, onun sözlərinə görə, Ermənistanın əvvəllər minalanmış Azərbaycan ərazilərinin növbəti xəritələrini təqdim etməsi onun bir neçə belə xəritəyə sahib olduğunu və ərazilərin minalanması əməliyyatlarının Ermənistan rəhbərliyi tərəfindən planlaşdırıldığını göstərir.

İ.Tsukerman əlavə edib ki, Ermənistanla Azərbaycan arasında barışıq bölgədə daha geniş çoxtərəfli əməkdaşlığa doğru mühüm addım ola bilər.

O qeyd edib ki, Ermənistandakı son seçkilər əhalinin hərbi vəziyyətdən və qonşusu ilə uzun müddət davam edən gərginlikdən yorulduğunu göstərdi: “Ermənistanda müsbət meyillər davam edərsə, bütün Cənubi Qafqaz bundan faydalanacaq”.

Teqlər: