Vaxtilə Cənubi Qafqaza yerləşdiriləndən sonra “Böyük Ermənistan” xülyasına düşən ermənilər daim torpaqlarımıza, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikib, özününküləşdirməyə çalışıblar. İstədiklərinə nail ola bilməyəndə isə məhf edib, dağıdıblar. Erməni vandallarının 44 günlük haqq savaşındakı məğlubiyyətlərindən sonra da ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikləri davam edir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, yalan üzərində qurulan məqsədlərinin, “Böyük Ermənistan” xəyalları birdəfəlik puç olduğunu anlayan Ermənistan hakimiyyəti beynəlxalq humanitar hüquq qaydalarına yenə də əməl etmir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun azğın düşmənlərdən azad etdiyi torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməkdən imtina edir. Dünya ictimaiyyəti 44 günlük müharibədə Erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklərin həddi-hüdudu olmadığının şahidi oldu.
İllərdir düşmən tapdağı altında qalan torpaqlarımız, şəhər, rayon, kənd və qəsəbələrimiz erməni vandalları tərəfindən darmadağın edildi, infrastruktur, tarixi, mədəni, dini abidələrimiz dağıdıldı, ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edildi, dinc sakinlər qətlə yetrildi.
Çox təəssüflər olsun ki, hələ də Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi insanlıq dramı, müharibə cinayətləri vəhşilik, barbarlıq və terror aktları davam edir. Mərd, igid əsgərlərimizlə üzbəüz döyüşdə aciz olan erməni vandalları döyüş meydanında ardıcıl olaraq aldıqları zərbənin heyfini 30 il ərzində işğal altında saxladıqları ərazilərə yerləşdirdikləri minaların, partlamamış mərmilərin xəritəsini verməməklə çıxırlar.
10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatdan keçən 4 ay ərzində 14 Azərbaycan vətəndaşı- 5 hərbi qulluqçu və 9 mülki şəxs Qarabağdakı mina partlayışlarının qurbanı olub. 52 hərbçi və 8 mülki şəxs isə ağır yaralanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ötən il sentyabrın 27-dən etibarən həyata keçirdiyi mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatı nəticəsində 16 milyon 586 min 32 kvadratmetr ərazini yoxlayıb, piyada və tank əleyhinə 9584 mina, 7081 ədəd partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirilib.
Dinc əhalini, qocanı, körpələri, azyaşlıları hədəfə götürməkdən çəkinməyən gözünü qan örtən erməni vandallarının minaladıqları ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi 30 il əvvəl əzəli-əbədi torpaqlarından zorla məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışının təhlükəsizliyinə ciddi zərbə olmaqla yanaşı hərbi cinayətdir.