Xəbər - Samir Əli – Trend:
Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyası çərçivəsində iyunun 17-də Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasının tətbiqi ilə bağlı Azərbaycan üzrə monitorinq hesabatının müzakirəsinə dair videokonfrans formatında dinləmə keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkədə yerli və regional demokratiyanın vəziyyəti, eləcə də Avropa Xartiyasının icrası ilə bağlı çıxış edib. Nazir müavini videokonfransda torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə həmin ərazilərdə bələdiyyə institutunun yaradılmasının qeyri-mümkünlüyü və keçmiş məcburi köçkünlərin uzun illərdir yerli özünüidarə hüququndan tamamilə məhrum olduğunu xüsusilə diqqətə çatdırıb, ötən il Ermənistanın hərbi təxribatlarına cavab olaraq aparılmış Vətən müharibəsində ölkəmizin qələbə qazanaraq işğala son qoyduğunu vurğulayıb.
Konfransda müharibənin dinc əhalimiz üçün ağır nəticələri barədə Nazirlik tərəfindən Konqresin ətraflı məlumatlandırıldığı bildirilərək hazırda həmvətənlərimizin öz doğma torpaqlarına qayıdışını təmin etmək məqsədilə azad olmuş ərazilərdə nəhəng bərpa və quruculuq işlərinin aparıldığı qeyd olunub. Lakin Ermənistan tərəfindən soydaşlarımızın təhlükəsiz qayıdışına əngəl törətmək məqsədilə ərazilərimizin minalandığı və bunun mülki əhali arasında yeni qurbanlara səbəb olduğu, müharibədən sonra 140 nəfərdən çox insanın minalara düşdüyü, onlardan 27-nin, o cümlədən bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla 3 nəfərin həlak olduğu diqqətə çatdırılıb.
Yalnız beynəlxalq ictimaiyyətin çağırışlarından sonra Ermənistanın təkcə Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdiyi qeyd olunaraq, insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması naminə Konqres üzvləri işğaldan azad edilmiş digər ərazilərdə də Ermənistanın quraşdırdığı mina xəritələrini verməsi ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün səslərini ucaltmağa çağırılıb.
Tədbirdə bu problemin həllindən sonra azad edilmiş ərazilərimizə qayıdacaq vətəndaşlarımızın yerli özünüidarəetmə hüquqlarının təmin edilməsində Konqresin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.