Ermənistanın hərbi-siyasi hakimiyyəti Azərbaycanın sülh çağırışlarını qiymətləndirməyə borcludur – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsahibədə bir daha Ermənistanın işğalçılıq siyasətinə diqqəti cəlb etdi və 30 ilə yaxın bir dövrdə torpaqlarımızın işğal altında saxlanıldığını, şəhər və kəndlərimizin, tarixi, mədəni, dini abidələrimizin tamamilə məhv edildiyini nəzərə çatdırdı.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, əlbəttə erməni təcavüzkarlarının cavabı verilməli idi və Ali Baş Komandan ordumuzun gücünə, xalqımızın birliyinə arxalanaraq bu müqəddəs vəzifəni şərəflə, cəsarətlə yerinə yetirdi: “Bununla bağlı Cəbrayıl rayonunun işğaldan azad edilməsinin birinci il dönümündə Prezidentimizin səsləndirdiyi fikirlər, qarşıda duran möhtəşəm tədbirlərin icrasına inam hər bir vətəndaşı sevindirir. Dövlətimizin başçısı bu müsahibəsində də özünün sülhsevər, humanist məqsədlərini, sülhə, əminamanlığa, Cənubi Qafqazda sabitliyə yönələn istəklərini diqqətə çatdırmaqla danışıqlar tərəfdarı olduğunu bildirdi.

Göründüyü kimi, dövlətimizin rəhbəri qalib olduğumuza, qələbə qazanmağımıza baxmayaraq, yenə də sülh, əminamanlıq üçün çağırışlar edir. Ermənistanın hərbi-siyasi hakimiyyəti bunu qiymətləndirməyə və nəticə çıxarmağa borcludur”.

Teqlər: