Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistan nə qədər çalışsa da onun “hərbi əsir”lərlə bağlı əsassız iddiaları beynəlxalq müstəvidə qəbul edilmir.
Bu barədə AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, Ermənistan üçün kapitulyasiya aktı sayılan 10 noyabr bəyanatından sonra Azərbaycan Respublikasının sərhədləri daxilində mülki vətəndaşların və hərbçilərin ölümü ilə nəticələnən, xüsusilə ağır cinayətlər törətdiklərinə görə saxlanılan və məhkəmə qarşısına çıxarılan erməni hərbçiləri heç bir halda hərbi əsir sayılmırlar: “Onların əməlləri isə ayrı-ayrılıqda törətdikləri hərəkətlərə görə Azərbaycanın məhkəmə orqanları tərəfindən ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq qiymətləndirilir.
Cenevrə Konvensiyasının 4-cü maddəsinin 1-ci bəndində kimlərin və hansı dövrdə hərbi əsir hesab edildikləri dəqiqliklə ifadə olunur. Sitat: “Münaqişə tərəflərindən birinin digər tərəfin hakimiyyəti altına düşən silahlı qüvvələrinin üzvləri, həmçinin bu silahlı qüvvələrin tərkibindəki könüllü dəstələrin təmsiçiləri hərbi əsir sayılırlar”.
Göründüyü kimi, konvensiyada söhbət münaqişə tərəflərindən və münaqişə (müharibə) vəziyyətində əsir düşən şəxslərdən gedir. Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasındakı münaqişəyə (müharibəyə) 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla son qoyulub. Ermənistanın təxribatçı-terrorçuları isə müharibə başa çatdıqdan 1 ay sonra, dekabr ayının 11-də, həm də konkret cinayət əməlləri törətdiklərinə görə, antiterror əməliyyatı nəticəsində saxlanılıblar. Yəni Cenevrə Konvensiyasının hazırda Azərbaycanda məhkəmə istintaqı altında olan terorçulara hər hansı bir aidiyyəti yoxdur.
Məhz bu baxımdan Rusiyanın xarici işlər naziri də ermənistanlı həmkarı ilə görüşündə Azərbaycanda saxlanılan şəxslərin 9 noyabrdan sonra saxlandığını bildirəndə fakta və beynəlxalq konvensiyaların prinsiplərinə istinad edib. Bu isə öz növbəsində Ermənistanın “hərbi əsir”lərlə bağlı iddialarının beynəlxalq müstəvidə qəbul edilmədiyini və əsassız sayıldığını sübuta yetirir”.
Twitter: @ElchinMehdiyev