Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.
Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 15 oktyabr tarixində iclasındakı çıxışı ilə bağlı AzerTimes-a açıqlama verən millət vəkili Tamam Cəfərova bildirib ki, cənab Prezident çıxışında münaqişəyə nöqtə qoymuş Bəyanat haqqında iştirakçılara məlumat verib. Qeyd olunub ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi.
Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxladıqları zamanda ərazilərimizdə törətdiyi misli görünməmiş vəhşiliklərdən danışan Dövlət Başçımız bildirib ki, ermənilər ərazilərimizdə daşı-daş üstə qoymayıb, tarixi və dini abidələri dağıdıb, 67 məsciddən 65-ni tamamilə darmadağın edib, o cümlədən məscidlərdə donuz, inək saxlayaraq İslam dinini təhqir edib. Bütün binalar və tarixi abidələrin kərpic-kərpic, daş-daş sökülərək, Ermənistana və İrana satıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, təbiətimizə də çox böyük ziyan vurulduğunu, 60 min hektara yaxın meşənin qırıldığını, qızıl yataqları və digər təbii ehtiyatların da qanunsuz istismar edildiyini xatırladıb. Düşmən bütün bu barbar əməllərindən kifayətlənməyərək, uzun bir dövrdə tapdaq altında saxladığı Azərbaycan ərazisindən narkotrafik üçün istifadə edib. Respublikamızın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qaldığından, Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotika daşınıb.
Prezident İlham Əliyev çıxışında hazırda Qarabağ və ətraf bölgələrimizdə ciddi narahatlıq doğuran bir məsələyə də toxundu: “Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə bölgədə yeni reallıqlar yaradıb və bu reallıq bölgədə uzunmüddətli sülhə və əminamanlığa yönəlib. Lakin Ermənistan tərəfindən bu gün də Azərbaycana qarşı terror aktları davam edir. Elə mina xəritələrinin əsas hissəsinin Ermənistan tərəfindən verilməməsi, verdiyi az sayda xəritənin isə cəmi 25 faizinin doğru olması da Ermənistan tərəfinin məkirli niyyətinin göstəricisidir.
Dövlətimizin başçısı çıxışında “hərbi əsirlər” məsələsinə də aydınlıq gətirərək, qeyd edib ki, Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri geri qaytarıb. Lakin üçtərəfli bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupunun tutularaq tərksilah edilməsinə Ermənistanın məlum reaksiyası isə heç bir məntiqə sığmır. Əslində, bu, işğalçı ölkənin beynəlxalq konvensiyalara zidd mövqe sərgiləməsidir. Şübhəsiz ki, işğalçı özü də həmin saxlanılan təxribatçıların hərbi əsir olmamalarını yaxşı anlayır.
İkinci Qarabağ müharibəsindən təxminən bir il ötür. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ermənistanın dirçəlməsi, inkişafı qonşuları, xüsusilə Azərbaycan ilə sülh şəraitində yaşamasından asılıdır. Belə halda, şübhəsiz ki, qoşulacağı gələcək layihələrdə iştirakı onu indiki böhran vəziyyətindən xilas edə bilər. Əks təqdirdə, daxili çaxnaşma–vətəndaş qarşıdurması və ən başlıcası isə Azərbaycanın “dəmir yumruğu” ilə yenidən üzləşməsi qaçılmazdır. Millət vəkili Tamam Cəfərova belə deyib.