Ötən ilin bu günləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. O gün Münxendə tarixi bir debat baş tutdu. Hətta bu debatı Azərbaycan və Ermənistan liderlərinin siyasi dueli də adlandırmaq olardı. Bu duel təbii ki, Nikol Paşinyanın rüsvayçı məğlubiyyəti ilə nəticələndi. Ermənistanın bu məğlubiyyətin üzərindən düz bir il keçir, özü də məğlubiyyətin içində daha bir məğlubiyyət və Ermənistanın çöküş ili kimi bir il…
Azərbaycan Prezidenti bu debatda konkret faktlar ortaya qoydu, dəqiq ifadələrlə Nikol Paşinyanı diz çökdürdü.
“Münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, – sazişin mətni internetdədir, – Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr – Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin”. Münaqişənin tarixi tərəfi ilə bağlı Prezident İlham Əliyevin bu fikirləri olduqca əsaslı idi.
Bunun qarşılığında Paşinyan nə dedi? O, Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyi xahiş etdi. Sanki yalvarırdı, çox dərinə getmə, məni də başa düş, deyircəsinə, dili-dodağı təpimişcəsinə… Və nəhayət, o məşhur ifadəni (Kokeyşn büro) işlətdi, özünü rüsvay elədi. Necə deyərlər, dil çaşıb düzünü dedi – Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına qərar verdi, deyə!
Paşinyan daha sonra vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur: “Beynəlxalq ictimaiyyət bunu güclü və aydın şəkildə bəyan etməlidir. Əgər kimsə əksini düşünürsə, deyirsə ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkündür, güman edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xalqları cavab verərdi…”.
Prezident İlham Əliyev isə “Azərbaycan danışıqlar prosesinə sadiqdir, ona görə də biz ərazi bütövlüyümüzü danışıqlar yolu ilə bərpa edə biləcəyimizlə bağlı ümidlərimizi itirməmişik. Bu səbəbdən də hələ də bu ümidləri bəsləyərkən ola bilsin ki, bu, ən yaxşı seçim olmayacaq. Lakin əgər Ermənistan tərəfdən yeni yanaşma nəticəsində danışıqlar tamamilə pozulsa, onda əlbəttə ki, bu seçim nəzərdən keçirilə bilər…” – deyə fikrini bildridi.
Daha sonra nə oldu? Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlar prosesini məhv etdi. Bir müddət öncə işlətdiyi ifadəni – Qarabağ Ermənistandır və nöqtə – günbəgün təkrarladı və Ermənistan ordusunu öyməyə başladı, hərbi texnikalarla selfi çəkdirdi və sair və ilaxır.
Xatırlayırsınızsa, 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verdi. Beləcə, o gündən etibarən, Azərbaycan Prezidenti öncə MDB dövlət və hökumət başçılarının Bişkekdə keçirilən Zirvə toplantısında, sonra Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debatda Ermənistanın siyasi liderinin absurd iddialarına qarşı dəmir məntiqi, dərin tarixi bilgiləri, yüksək intellekti və natiqlik bacarığı ilə nida işarəsi qoydu.
Prezident İlham Əliyev prinsipial mövqe, diplomatik məharət, “Qarabağ Azərbaycandır!” şüarının həyata keçirilməsi üçün ardıcıl, qətiyyətli və düşünülmüş fəlliyyəti ilə Ermənistan başda olmaqla, bütün dünyanı çaş-baş saldı. Ermənistanın siyasi və hərbi təxribatlarına əks-hücum fəaliyyəti həyata keçirildi. Artıq “münaqişənin hərbi həll yolu yoxdur”deyənlərə həll yolunu göstərkəm vaxtı gəlmişdi. Və Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan üçün Böyük Vətən Müharibəsi başladı. Beləliklə, çox yox, düz 44 günə bütün dünyanın, nüfuzu yerə-göyə sığmayan beynəlxalq təşkilatların aça bilmədiyi bir düyün çözüldü, həll edə bilmədiyi münaqişə həll edildi. Azərbaycan Ordusu Ermənistan ordusunu tamamilə darmadağın etdi, Ermənistanı sözün əsl mənasında diz çökdürdü, ağ bayraq qaldırmağa məcbur etdi. Və ən nəhayət, Ermənistan və bütün dünya Dağlıq Qarabağın və ətraf bölgələrin məhz Azərbaycanın əzəli torpaqları olduğunu etiraf etdi.
Müharibə ərəfədə Azərbaycan Prezidentinin “Rossiya-1” telekanalına müsahibəsindən dərhal sonra çıxış edən Nikol Paşinyanın artıq əzik bir sual işarəsi görkəmində idi, üzünün bütün cizgilərindən sual yağırdı, nə baş verdiyini anlaya bilmirdi, nə deyəcəyini də… Çünki Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” sözləri qəhrəman Azərbaycan Ordusunu yüksək döyüş əzmi ilə silahlandırmış və qarşısıalınmaz gücə, bütün sualları cəsarəti ilə əzəcək nəhəng, düz və qürurlu bir nida işarəsinə çevirmişdi.
Beləliklə, 44 günlük Vətən müharibəsinin uğurlu nəticəsi, tarixi qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə Prezident İlham Əliyevin daxili və xarici siyasətdə sözü ilə əməlinin vəhdət təşkil etdiyini bütün dünya bir daha gördü. Artıq Dağlıq Qarabağ münaqişəsi deyə bir şey yoxdur. Çünki Qarabağ Azərbaycandır.
Elgün MƏNSİMOV
Trend