Ermənistanın cinayətləri Los Ancelesdə pislənilib (FOTO)

Ermənistanın cinayətləri Los Ancelesdə pislənilib.

Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğundan AzerTimes-a verilən məlumata görə,

Pakistanlıların ABŞ-da ən nüfuzlu təşkilatlarından olan Pakistan Şurasının idarə heyətinin noyabrın 17-də keçirilən iclasında Şuranın dəvətilə Azərbaycanın baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev və Türkiyənin baş konsulu Can Oğuz, eləcə də Los Ancelesin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu durmadan artır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu digər icmalar ilə yanaşı artıq uzun illərdir buradakı Pakistan icması ilə də sıx münasibətlər saxlayır.

Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan, Pakistan və Türkiyə və onların Los Ancelesdəki icmaları arasında möhkəm qardaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Baş konsul qeyd edib ki, son illərdə Pakistan Şurasının yaxından iştirakı ilə üç ölkənin konsulluqları bütün icmalarımızı bir araya gətirən bir sıra tədbirlər keçirib. Baş konsul keçən il Azərbaycanın Vətən Müharibəsinə, ərazilərimizin azad edilməsinə və ədalətin bərqərar edilməsinə verdikləri dəstəyə görə Türkiyə və Pakistan icmalarına təşəkkür edib. Diplomat bildirib ki, Azərbaycan ərazilərinin otuz il ərzində işğalı zamanı Ermənistan 9 şəhər və 900 kənd də daxil olmaqla 10 min kvadrat kilometrdən çox ərazini yerlə-yeksan edib. 800 mindən çox azərbaycanlı məcburi köçkünün evləri talan edilərək sökülüb. Bundan başqa, Ermənistan 700 tarixi abidəni və 4,6 milyon kitab olan 927 kitabxananı dağıdıb. Baş konsul, işğal ərzində 67 məsciddən 65-nin təhqir edilərək dağıdıldığını, bir çox məscidlərin donuz və inək tövlələrinə çevrildiyini vurğulayıb. N.Ağayev azad edilmiş ərazilərin hazırda minalardan təmizləndiyini və bərpa edildiyini qeyd edərək, Azərbaycanın regionda daimi sülhün bərqərar olması istəyində olduğunu diqqətə çatdırıb. Sonra Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən hazırlanmış “Mədəniyyətə qarşı XXI əsrin ən dəhşətli soyqırımı” adlı qısametrajlı film nümayiş etdirilib.

Türkiyənin baş konsulu Can Oğuz öz çıxışında Türkiyə, Azərbaycan və Pakistan icmalarının Kaliforniyanın zəngin müxtəlifliyinə verdiyi güclü töhfələri qeyd edib. O, hüquq-mühafizə orqanlarına bütün etnik azlıqların təhlükəsizliyi üçün göstərdikləri səylərə görə təşəkkür edib. Los Ancelesdə türk diplomatlarına qarşı erməni terrorçuları tərəfindən törədilən dəhşətli qətlləri qeyd edən C.Oğuz buradakı türk və azərbaycanlı diplomatların hələ də radikal erməni qrupları tərəfindən təhdidlərə məruz qaldıqlarını diqqətə çatdırıb. Baş konsul Los Ancelesdə türkləri və azərbaycanlıları hədəf alan nifrət hücumlarının son illərdə artmasından narahatlığını ifadə edərək, bu düşmənçilik hərəkətlərinə qarşı Pakistan, Türkiyə və Azərbaycan icmaları arasında güclü həmrəylik və əməkdaşlığın vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin Los Ancelesin xristian və yəhudi dini liderləri ilə birlikdə Azərbaycana səfərdən yenicə qayıdan Kaliforniyanın ən böyük məscidlərindən olan İnqlvud İslam Mərkəzinin rəhbərləri Caved Bava, İsmayıl Kikibai və Zubeyr Ravda da çıxış ediblər. Baş Konsulluğun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən səfər zamanı onlar işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərini də ziyarət ediblər. Çıxış edənlər işğal müddətində erməni qoşunlarının Qarabağda törətdikləri ağlasığmaz vəhşiliklər və dağıntılar barədə danışıblar. Onlar, xüsusilə ibadət evlərinin təhqir edilməsi və dağıdılmasının tamamilə yolverilməz olduğunu vurğulayıblar. Natiqlər, həmçinin Azərbaycandakı dinlərarası harmoniya və multikulturalizm, o cümlədən Bakıda hər üç dini təmsil edən din xadimlərilə keçirilən çoxsaylı görüşlər barədə təəssüratlarını bölüşüblər.

Pakistan Şurasının prezidenti Adnan Xan öz çıxışında deyib: “1990-cı illərin əvvəllərində Ermənistan ordusu Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Pakistan xalqı Azərbaycana ədalət tələb edir. Ermənistan ordusu tərəfindən ibadət evlərinin dağıdılması, şəhərlərin yerlə-yeksan edilməsinə görə Ermənistan hökuməti məsuliyyətə cəlb olunmalıdır. BMT bu cinayətlərə səssiz qala bilməz”.

Qeyd edək ki, radikal erməni lobbisi bu tədbir haqda məlumat əldə edən kimi tədbirdə iştirak edən hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı təzyiq və hədə-qorxu kampaniyasına start veriblər.

Teqlər: