Son həftələr Ermənistan rəsmilərinin müxtəlif müzakirə masalarında və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda iştirakı göstərir ki, onlar güzəşt limitinin tükəndiyini anlayırlar.
AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.
Ramil Usubov qeyd edib ki, süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur:
“Müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb. Digər tərəfdən, sülh danışıqlarına etiraz məqsədilə aksiyalar təşkil edən müxalifətin öz məqsədinə çatmayacağı aydın olunca, onlara qoşulanların sayı getdikcə azalır. Həm də bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti yalnız ölkədəki acınacaqlı sosial duruma etirazlarını bildirirlər. Görünən odur ki, Ermənistan cəmiyyətində sülh danışıqlarına həm istək, həm də dəstək var”.
“Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə “müharibə partiyası – hərbi xunta”nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. Xalq Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir.
Prezident İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin və xalqların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi, gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur. Qarabağın işğal altında olduğu 28 il ərzində orada olan bərəkətli torpaqlardan, zəngin təbii sərvətlərdən 20-30 hərbi cinayətkardan başqa, erməni xalqı nə xeyir gördü ki?! Qarabağda məskunlaşan, Ermənistanda yaşayan əhalinin sosial vəziyyəti bu illərdə günü-gündən pisləşdi, səfalətə sürükləndi”, – Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
“Ancaq indi onların müqayisə imkanları vardır. 28 il talan edilən, daşı daş üstündə qalmayan ərazilər ötən ilyarımda Qafqazın ən nəhəng inşaat meydanına çevrilib, beynəlxalq hava limanları tikilir, müasir yollar, kilometrlərlə uzanan modern tunellər inşa olunur, “ağıllı kəndlər” salınır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi irs bərpa edilir, bölgənin mədəni-mənəvi inciləri yenidən həyata qayıdır, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar inşa olunur. İşğalın amansız terroruna məruz qalan Şuşada məhz bu himayənin və qayğının nəticəsində indi elə bir həftə yoxdur ki, beynəlxalq tədbir, festival, görüş keçirilməsin”, – R.Usubov qeyd edib.
O, vurğulayıb ki, Qarabağın və Şərqi Zəngəzurun hər qarışında quruculuq, intibah və təhlükəsizlik bərqərar olur:
“Orada insanların istifadə edəcəyi bütün infrastrukturların normativləri, əslində, zamanı qabaqlayır və sabahın texnologiyalarına uyğunlaşdırılır.
Bunları Azərbaycan dövləti edir və ermənilərə də deyilir ki, gəlin, bu inkişafın, təhlükəsiz həyatın bir parçasına çevrilin.
Cənab İlham Əliyev bölgədə ədaləti və təhlükəsizliyi təmin etdi. Onun qurucu, yaradıcı missiyası isə Cənubi Qafqazda tərəqqinin və sabitliyin yeganə təminatçısıdır”.
“Qərb ölkələrinin bölgədə həlledici amil kimi dəyərləndirdikləri Azərbaycan və onun qüdrətli Lideri öz uğurlu təşəbbüsləri ilə Avrasiya məkanının enerji, nəqliyyat, logistika təhlükəsizliyini yaradır, mühüm geostrateji əhəmiyyətə malik qlobal layihələrə müəlliflik edir.
İkiəsrlik münaqişəni 44 gündə həll edən Müzəffər Ali Baş Komandan indi Azərbaycanın inkişafının, təhlükəsizliyinin əsrlər boyu davam edəcək möhkəm təməlini formalaşdırır. 29-cu ildönümünü qeyd etdiyimiz Qurtuluşun ən böyük həqiqəti, təntənəsi də budur”, – Təhlükəsizlik Şurasının katibi əlavə edib.