2021-2023-cü illər ərzində Ermənistanın xarici ticarətində mal və coğrafi strukturunun kəskin dəyişməsi Qərb ölkələri tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yayınması ilə əlaqədardır. 2021-ci ildə Ermənistanın Rusiya Federasiyası ilə xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 24,2% artaraq 2,6 milyard ABŞ dolları, 2022-ci ildə 2021-ci illə müqayisədə 93,4% artaraq 5 milyard ABŞ dolları, 2023-cü ildə isə 2022-ci illə müqayisədə 45,7% artaraq 7,3 milyard ABŞ dolları səviyyəsinə çatmışdır.
AzerTimes xəbər verir ki, bu statistika Azərbaycan QHT-lərinin ABŞ və AB-nin Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumlarının rəhbərlərinə açıq məktubunda əksini tapıb.
Bildirilib ki, Rusiya Baş nazirinin birinci müavini Aleksey Overçuk Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında hər iki ölkə arasında 2024-cü ildə xarici ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dollarına çatacağını bildirib:
“Bütövlükdə verilən proqnozun reallaşacağı təqdirdə 2024-cü ildə Ermənistan ilə Rusiya Federasiyası arasında xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 8 dəfəyə qədər artacaq.
Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Rusiya Federasiyasına 2022-ci ildə mal ixracı 2021-ci illə müqayisədə 3 dəfə artaraq 2,4 milyard ABŞ dolları, 2023-cü ildə 2022-ci illə müqayisədə 43,1% artaraq 3,4 milyard ABŞ dolları ilə tarixi rekord səviyyəyə çatıb. 2010-2020-ci illər ərzində Ermənistandan Rusiyaya ixracın artım sürəti orta hesabla 18,6% olması qarşılığında, 2020-2023-cü illər ərzində bu göstərici 64%-ə çatıb.
2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində Rusiya Federasiyasının payı 40-44% həddinə yüksəlib. Buna səbəb Ermənistanın sanksiyalardan yayınaraq bir sıra Avropa Birliyi ölkələri, Ərəb Körfəzi və Asiya qitəsinin aparıcı dövlətlərindən Rusiya bazarlarına ixrac məqsədi ilə mal və məhsulları idxal etməkdir. Belə ki, 2023-cü il ərzində Ermənistandan Rusiya Federasiyasına ixrac edilən malların 14,7%-ni (499 mln. ABŞ dolları) telefon aparatları, mobil və başqa simsiz rabitə üçün telefon aparatları, 11,1%-ni (378 milyon ABŞ dolları) minik avtomobilləri, 7,39%-ni (250 milyon ABŞ dolları) monitor və proyektorlar, 2,54%-i (86 milyon ABŞ dolları) hesablayıcı maşınlar, onların blokları, maqnit və optik hesablayıcı qurğular, 1%-i (31 milyon ABŞ dolları) tozsoran avadanlıqları təşkil edir. Bütövlükdə, Ermənistanın ixracında yer alan elektromexanika və maşın avadanlıqlarının 91%-i Rusiya bazarlarına göndərilir. Bundan əlavə, 2022-ci illə müqayisədə 2023-cü ildə Ermənistandan Rusiya bazarlarına nüvə reaktorları, avadanlıq və mexaniki qurğuların ixracı 10 dəfə, ixrac edilən optik, fotoqrafiya, kinematoqrafiya və tibbi cərrahiyyə alətləri 5 dəfə, təyyarə, kosmik gəmi və onun hissələrinin ixracı 2 dəfə, gəmilər, qayıqlar və üzən konstruksiyaların ixracı 18 dəfə, musiqi alətlərinin ixracı 38 dəfə, bütün növ saatların ixracı 28 dəfə, incəsənət əşyaları və kolleksiya əşyaları 19 dəfə artıb. Qeyd olunan malların heç biri Ermənistan ərazisində istehsal edilməməsi ilə birgə bu məhsulların əksəriyyətinin 2022-ci ilə qədər Rusiya Federasiyasına ixracı mövcud olmayıb”.
Müraciətdə Ermənistanın Avropa ölkələri ilə ticarət həcmində kəskin artımlarına da diqqət çəkilib:
“AB-nin Rusiyaya qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, bir sıra Avropa Birliyi ölkələri Rusiya Federasiyası ilə Ermənistan vasitəsilə xarici ticarət əməliyyatlarını davam etdirir. Belə ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanla Avropa Birliyi arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur. Bir sıra Avrozona ölkələri ilə münasibətdə isə nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir. Belə ki, 2023-cü ildə 2021-ci illə müqayisədə Ermənistanın Yunanıstana ixracı 39 dəfə və Kiprə ixracı 24 dəfə artıb. Necə ola bilər ki, bir tərəfdən Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma digər tərəfdən elə həmin sanksiyaların tətbiqinə cavabdeh olan ölkələr Ermənistanın Rusiya ilə qanunsuz ticarətində iştirak edir? Axı dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə, həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir”.