Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir – İtaliya mətbuatı

İtaliyanın kütləvi informasiya vasitələrində Oxçuçay fəlakəti, Ermənistan tərəfindən Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə dair məqalələr dərc olunub.

Azərbaycanın İtaliyadakı Səfirliyindən AzerTimes-a bildirilib ki, İtaliyanın balıqçılıq, balıq sənayesi, ətraf mühitin qorunması mövzularına həsr olunan əsas mətbuat orqanlarından olan “Pesceinrete” online qəzetində jurnalist Domeniko Letizia-nın “Eko-terror: Ermənistan qəsdən Oxçuçay çayını çirkləndirir” başlıqlı məqaləsində qeyd olunur: Azərbaycan və Ermənistan arasında axan Oxçuçay çayının sularına Ermənistan tərəfindən vurulan ciddi ekoloji ziyan Qafqaz çaylarının keyfiyyətinə təsir edir. Balıqçılar, ətraf mühit fəalları, vətəndaş cəmiyyəti və yerli şirkətlər ətraf mühitin davamlılığının, su irsinə hörmətin və yerli balıq faunasının qorunmasının əsas qaydalarına məhəl qoymamağa davam edən və əsas sərmayədarı Almaniyanın “Cronimet” şirkəti olan “Zəngəzur mis-mobilden zavodu” və “Chaarat Kapan” adını daşıyan “Qafan dağ-mədən və emal zavodu”nun fəaliyyəti səbəbindən ciddi şəkildə çirklənmiş Oxçuçay çayının Ermənistan ərazisindən keçən hissəsində baş verənləri qınayırlar”.

Jurnalist qeyd edir ki, 83 kilometr uzunluğunda olan Oxçuçay çayının əhəmiyyətli hissəsi Ermənistan ərazisindən, Syünik vilayətindən və bu yaxınlarda Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazisi olan Zəngilan rayonundan axır. “Ermənistanla Azərbaycan arasındakı münaqişənin sona çatması və beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan ərazilərinin azad edilməsi həm də Ermənistanın və onun hərbi qoşunlarının səbəb olduğu ətraf mühitin məhv edilməsi prosesinin fərqinə varılmasına və izlənməsinə imkan verdi. Bu çay Cənubi Qafqazın ən böyük çaylarından biri olan Araz çayına töküldüyü üçün Azərbaycan üçün son dərəcə vacibdir. Araz çayı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən çoxsaylı layihələrin mərkəzindədir, onun suları əkinçilik sahələrinin suvarılması, daxili və şəhər ehtiyacları üçün istifadə olunur və onun axınında yaranan çoxsaylı alabalıq təsərrüfatları mövcuddur. Bölgədə, həmçinin Oxçuçay çayının çirklənməsi səbəbindən əbədi olaraq dayandırılma təhlükəsi ilə üzləşən xeyli akvakultura layihələri mövcuddur”, deyə məqalədə vurğulanır.

D.Letizia bildirir ki, Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsindən sonra çoxsaylı ekoloji təşkilatlar ətraf mühitin vəziyyətinin ciddiliyini anlamaq və yerli su irsini bərpa etmək üçün konkret planın necə həyata keçiriləcəyini başa düşmək üçün bu ərazilərə, xüsusən də Zəngilan rayonuna üz tutdular. “Oxçuçay çayının sularında 2021-ci ilin yanvar-mart ayları arasında aparılan kimyəvi analizlər yüksək miqdarda ağır metalların, mis, manqan, dəmir, sink və xromun mövcudluğunu aşkar etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son hesabatına görə burada mis, dəmir və nikelin miqdarı beynəlxalq səviyyədə müəyyən edilmiş standartlardan hətta yeddi dəfə çoxdur. Oxçuçay çayının suları ağ və sarı rəngə çevrilir və balıqçıların çoxunun da 2021-ci ilin mart ayında verdiyi ifadələrdə qeyd edildiyi kimi, yerli alabalıqların ölümü müşahidə edilir”, deyə məqalədə qeyd olunur.

Jurnalist yazır ki, ağır metalların yüksək miqdarı yerli çay faunasına xələl gətirir, insan sağlamlığı və çay boyunca çox sayda balıqçı icması üçün problemlər yaradır, çirklənmiş suyun istifadəsi yerli əhalidə mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur və onların davamlı olaraq böyrək, sümük və ürək problemlərindən şikayət etdiyi qeydə alınır.

“Ekoloqlar beynəlxalq instansiyalara müraciət edərək Oxçuçay çayının yuxarısında yerləşən Syünik vilayətinə diqqəti yönəldir, Ermənistandakı mədən şirkətlərinin fəaliyyətinin ciddi şəkildə nəzarət edilməsini təmin etməyə nail olmağa çalışırlar. Bu şirkətlər sənaye istehsalından qalan tullantıları heç bir təmizlik və filtrasiya aparmadan çay sularına atır, ətraf mühitin mühafizəsi və ekoloji qaydalara hörmətin əsas standartlarını pozaraq ətraf mühitə ziyan vururlar. Oxçuçay çayının sularındakı narahatlıq doğuran vəziyyət artıq təsərrüfatlarını idarə edə bilməyən, balıq faunasında çoxsaylı ölüm halları qeydə alan, yerli müəssisələrini bağlayıb iflas elan etməyə məcbur olan azərbaycanlı alabalıq istehsalçıları üçün də böyük iqtisadi problemlər yaradır”, deyə jurnalist bildirir.

“Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal etməklə yanaşı, həm də işğal olunmuş ərazilərdəki təbii sərvətləri də talan edib. Azərbaycan əraziləri işğaldan azad olmasına baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, hətta ətraf mühitin qorunması üzrə ixtisaslaşmış QHT-lər də Oxçuçay çayı məsələsinə münasibət bildirməlidirlər. Çünki bu, yalnız Azərbaycanın deyil, bölgənin və bütün dünyanın ekoloji təhlükəsizliyinə ciddi zərbədir”, deyə jurnalist məqaləsini tamamlayır.

Nüfuzlu “il Giornale” qəzetinin “Insideover” analitik portalında jurnalist Emanuele Pietrobon-un “Oxçuçay, nifaq və zəhərli tullantılar çayı” başlıqlı məqaləsində qeyd olunur ki, Azərbaycanın Zəngilan rayonundan keçən və Ermənistanla Azərbaycan arasında uzun və qəliz bir mübahisənin mərkəzində olan 83 kilometr uzunluğu olan Oxçuçayın Ermənistandakı iki zavodun, əsas səhmdarı Almaniyanın “Cronimet” şirkəti olan “Zangezur mis-mobilden zavodu” və “Chaarat Kapan” adını daşıyan “Qafan dağ-mədən və emal zavodu”nun fəaliyyətinə görə zəhərli tullantıları, zibilləri və ətraf mühitə və istifadəçilərə ciddi ziyan vuran digər materialları nəql edir.

“2003-cü ildə Birləşmiş Millətlər Təşkilatına edilən müraciət və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2008-ci ildə Ermənistana qarşı başladılan ekoloji terror ittihamlarının göstərdiyi kimi, Oxçuçayın zəhərlənməsi ilə əlaqəli bu məsələnin kökləri müstəqillikdən sonrakı dövrə gedib çıxır. Azərbaycan hökuməti tərəfindən bildirilən və sənədləşdirilən və iyulun əvvəlində hətta Ümumdünya Təbiəti Mühafizə Fondunu (WWF) da hərəkətə gətirən rəqəmlər insanı dəhşətə gətirir: çay hər gün 2100 kubmetr çirklənmiş su nəql edir və beləliklə suyun tərkibində nikel (7 qat daha yüksək), dəmir (4 dəfə çox), mis (2 dəfə çox), molibden (2 dəfə çox) və digər ağır metallar üzrə göstəricilərdə normadan artıq səviyyə qeydə alınır”, deyə jurnalist bildirir.

Məqalədə qeyd olunur ki, yuxarıda göstərilən elmi sübutlar və sənədli dəlillərlə təsdiqlənən rəqəmlər, xüsusilə də Azərbaycan Respublikasının Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən 2 iyul tarixində twitterdə paylaşılan video davam edən ekoloji fəlakəti göstərir. Məqalədə müvafiq twitt də yerləşdirilmişdir.


Jurnalist bildirir ki, qeyd olunanlar suların ciddi şəkildə çirkləndiyini göstərir və bunun səbəbi Ermənistanda yerləşən iki mədən zavodunun, biri Qacarandakı mis və molibden, digəri isə Qafandakı mis emalı zavodunun tullantılarıdır. “Bu gün iyirmi illik fasiləsiz zəhərli tullantılardan sonra Oxçuçay “ölü”, yəni flora və faunadan məhrum olmaq ərəfəsindədir, çünki çirklənmənin davam etməsi əvvəllər burada yaşayan canlıların demək olar ki, hər növünü tədricən öldürmüşdür”, deyə E.Pietrobon bildirir.

Habelə, məqalədə qeyd olunur ki, Azərbaycanın su həssaslığı problemi mövcuddur, çünki ərazisindən keçən çayların 67%-inin mənbəyi başqa ölkələrdədir. Bildirilir ki, Ermənistan 1992-ci il “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyanı” imzalamadığına görə onunla su qaynaqlarının birgə istismarı və ekoloji cinayətlərə görə məsuliyyəti öz üzərinə götürmək barədə konstruktiv bir dialoq aparmaq çətindir.

Jurnalist bildirir ki, Ermənistan tərəfi Azərbaycan tərəfindən irəli sürülən rəqəmlərin doğruluğuna etiraz etməmiş və onları inkar etməmişdir. Belə ki, iki il əvvəl Ermənistan rəhbərliyi Qacaranda mis və molibden komplekslərinin fəaliyyətindən qaynaqlanan ciddi bir çirklənmə probleminin olduğunu etiraf etmişdir. “Erməni siyasi çevrələrinin bu etirafı Bakıya görə yox, yerli ətraf mühit müdafiəçilərinin şikayətlərindən irəli gəlirdi”, deyə məqalədə bildirilir.

“Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanan təhlillər ağır metalların, xüsusən mis, molibden, manqan, dəmir, sink və xromun olduqca yüksək miqdarda mənşəyi Ermənistandan olan su yollarından nəql olunduğunu və bunun ətraf mühitə və insan həyatına zərər verdiyini təsbit etdi. Problemə qəti bir həll yolu tapmaq son dərəcədə vacib və əhəmiyyətlidir, çünki Oxçuçay məsələsi ayrılıqda olan bir problem deyil, Azərbaycanda kənd təsərrüfatı və həyat o bölgədəki su yollarının vəziyyətindən asılıdır”, deyə müəllif fikilərini yekunlaşdırır.

Məqalələrlə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.pesceinrete.com/eco-terrore-larmenia-inquina-deliberatamente-il-fiume-okhchuchay/

https://it.insideover.com/ambiente/lokhchuchay-il-fiume-della-discordia-e-dei-rifiuti-tossici.html

Teqlər: