Ermənistanın təzminat istəməsinin heç bir hüquqi əsası yoxdur. Təzminat ödəməli tərəf Ermənistandır.
Bu sözləri AzerTimes-a millət vəkili Vüqar Bayramov Ermənistanın Qarabağdan gedən ermənilər üçün təzminat istəyəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqları 30 il istismar olunub və buna görə cavabdehlik İrəvanın üzərinə düşür:
“Ermənilər Azərbaycanın 7 rayonunu, eləcə də Qarabağın əhəmiyyətli hissəsini son 30 ildə dağıdıb məhv edib. Nəinki infrasturuktur, meşələr belə soyqırıma məruz qalıb. Ona görə də bunun qiymətləndirilməsi aparılır. Buna uyğun olaraq da Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsinin beynəlxalq hüquq çərçivəsində irəli sürüləcəyi gözləniləndir. Çünki Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq, Ermənistandan təzminat istəmək hüququ var. Bu istiqamətdə müzakirələr və beynəlxalq hüquq prinsiplərinə uyğun addımlar davam etdiriləcək”.
Millət vəkili Azərbaycanın Qarabağı tərk edən ermənilərə qarşı heç bir zorakılıq aktı icra etmədiyini xatırladıb:
“Ermənistanın təzminat istəmək hüququnun olmaması birbaşa onunla bağlıdır ki, Azərbaycan tərəfindən ermənilərə qarşı hər hansı zorakılıq, etnik ermənilərin Qarabağdan məcburi olaraq çıxarılması, əmlakın dağıdılması faktları yoxdur. Hətta etnik ermənilərin özlərinin xarici KİV-lərə verdikləri müsahibələrdə xüsusilə qeyd edirlər ki, Azərbaycan sərhədçiləri onlara Qarabağı tərk etməməyi, qalıb yaşamağı, inteqrasiya olmağı təklif ediblər. Azərbaycan Qarabağda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı xüsusi tədbirlər paketi də təqdim edib. Bu gün Ermənistanın təzminat istəməsi məsələsi şoudan başqa heç nə deyil”.