Ermənistanın Azərbaycan şəhərlərinin dağıdılması Azərbaycan mədəniyyətinin bütün izlərini silmək cəhdi idi – Lagazetteaz.fr qəzetinin rəhbəri Jan-Mişel Brön (FOTO/VİDEO)

İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan şəhərlərinin
dağıdılması Azərbaycan mədəniyyətinin bütün izlərini silmək cəhdi
idi.

Bu barədə Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi “Lagazetteaz.fr” qəzetinin baş icraçı direktoru
Jan-Mişel Brön AzerTimes-a müsahibəsində deyib.

Şuşa şəhərini və Qarabağın digər yerlərini gəzdikdən sonra əsas
təəssürat kimi Brön bu ərazilərin dağıdılma dərəcəsini qeyd
edib:

“Biz öz gözlərimizlə gördük ki, bütün bu yerlər Ermənistanın
işğalı zamanı dağıdılıb və bu fakt bizi üzür. Şuşa Azərbaycanın
mədəniyyət paytaxtıdır, necə ki, Roma İtaliyanın və ya Paris
Fransanın mədəniyyət paytaxtıdır və bütün bu görməli yerlərin,
abidələrin, muzeylərin, bu mədəniyyət ocaqlarının tamamilə
dağıdılmasını görmək çox üzücüdür. Bu cür dağıntı miqyası o
deməkdir ki, ermənilər Azərbaycan mədəniyyətinin bütün izlərini
silmək istəyiblər. Çünki bu torpaqlarda Azərbaycan irsini qoyub
getsələr, bu torpağın onlara məxsus olduğunu iddia edə
bilməyəcəklər və ona görə də bununla bağlı yaddaşı, Azərbaycan
mədəniyyətinin izlərini dağıdıblar, məhv ediblər”.

J.M.Brön qeyd edib ki, Qafqazın, xüsusən də Azərbaycanın
mədəniyyəti Avropa üçün çox önəmlidir:

“Fransa kimliyinin əsas komponentlərindən biri də Maarifçilik
əsri və fəlsəfəsidir. Biz həmişə Fransa tarixinin bu dövrünə
istinad edirik, lakin Maarifçilik fəlsəfəsi fransız maarifçiliyi
dövründən beş əsr əvvəl mövcud olub və Nizami Gəncəvinin adı ilə
bağlıdır”.

Onun fikrince, bu, Avropa və Azərbaycan mədəniyyəti arasında
əlaqənin çox gözəl nümunəsidir.

O, Nizami Gəncəvinin qadının cəmiyyətdəki rolu və təbiətin
qorunmasının vacibliyi ilə bağlı fikirlərinə də toxunub:

Nizami Gəncəvi qadınların cəmiyyətdəki rolunun vacibliyini
vurğulayıb. O, həmçinin təbiətin qorunub saxlanmasının vacibliyini,
sözdə davamlılığın hazırda aktual olduğunu qeyd edib. Nizami
Gəncəvinin təfəkkürü öz dövrünü xeyli qabaqlamışdı”.

J.M.Brön qeyd edib ki, üç böyük filosofun fransız fəlsəfəsinə
böyük təsiri olub: Farsdan olan Fəridəddin Əttar və Ömər Xəyyam və
Azərbaycandan olan Nizami Gəncəvi:

“Fəlsəfə kontekstində öz köklərimizin bir hissəsi buradan, bu
bölgədən gəlir. Bu fəlsəfələri yenidən birləşdirmək çox
vacibdir”.

Fransadakı erməni diasporunun fəaliyyətini şərh edən Jan-Mişel
Brun qeyd edib ki, erməni diasporunun çoxlu maliyyəsi var və buna
görə də informasiya təbliğatına milyonlarla vəsait yatırılır:

“Biz, Lagazetteaz.fr qəzeti, öz növbəmizdə, fəaliyyətimizdə hər
cür səy göstəririk, lakin inanıram ki, işimizi daha da səmərəli
etmək üçün yollar var. Daha çox sənədli filmlər çəkməli, kitablar
nəşr etməliyik. İndi Şuşa haqqında kitab yazıram, o noyabrdan əvvəl
nəşr olunmalıdır, amma bununla işi məhdudlaşdırmaq olmaz”.

Jan-Mişel Brön Fransada keçirilən prezident seçkiləri zamanı
Fransa cəmiyyətində Qarabağ münaqişəsinin ilkin səbəblərinin təhrif
olunmasına da toxunub və ölkə haqqında süni şəkildə yaradılmış heç
bir imicinin uzun müddət davam etməyəcəyi qənaətində olduğunu
bildirib:

“Həmişə həqiqətin aydınlaşdığı bir məqam gəlir. Bu yaxınlarda
Fransada seçkilərimiz oldu və sağçı partiyalar Qarabağ münaqişəsi
mövzusundan öz siyasi məqsədləri üçün istifadə etdilər. Onlar
münaqişəni ermənilərin xristian, azərbaycanlıların isə müsəlman
olması baxımından təqdim etməyə çalışıblar. Onlar həm də
fransızları Fransada müsəlmanlarla xristianlar arasında münaqişənin
olduğuna inandırmaq istəyirdilər ki, bu da gülüncdür”.

Bununla belə, J.M.Brön əlavə edib ki, seçkilərdən bir müddət
sonra erməni diasporu yenidən unudulacaq.

Teqlər: