Xəbər - Çingiz Səfərli – Trend:
Ermənistanın son günlər həm Azərbaycanla sərhəddə, həm də müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutması, o cümlədən iki hərbi qulluqçumuzun bu atəş nəticəsində yaralanması bir daha onu göstərir ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa, ərazi bütövlüyümüzü tanımağa hazır deyil.
Bunu AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu proseslərdə ola bilər ki, digər maraqlı qüvvələr də var: “Sırf bu baş verənlərin hamısının Ermənistanın siyasi rəhbərliyinin də maraqlarına zidd olduğunu bilirik. Burada Ermənistanda mövcud olan və hələ də vəzifədə qalan 37 erməni generalının Koçaryanı dəstəkləməsi və bu fəaliyyətləri onun göstərişi ilə həyata keçirmələri istisna deyil. Hesab edirəm ki, bu fəaliyyətlər həm də Rusiya sülhməramlılarının ərazidə öz funksional vəzifələrini zamanında və doğru bir şəkildə yerinə yetirməməsi ilə əlaqədardır. Çünki həmin erməni silahlıları rus sülhməramlılarının nəzarətində olan ərazilərdən 8 ay öncə çıxarılmalı idi. Əgər o heyət həmin ərazilərdən göstərilən zaman çıxarılsaydı, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanmaz, digər tərəfdən gərginlik bu qədər yüksəlməzdi”.
Ekspert onu da əlavə edib ki, Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri öncəsi gərginliyin artırılmasına çalışılması da müəyyən məqsəd daşıya bilər. Amma gərginlik ilk dəfə Qaragöl istiqamətində sərhədlərin tənzimlənməməsi səbəbindən başladı, xəritələrin verilməsindən sonra hansısa qüvvələr prosesləri gərginləşdirməyə çalışdılar: “Əslində, Ermənistanın əsas məqsədi atəşkəsi pozmaqla Azərbaycan Ordusunu cavab atəşi açmağa vadar etmək və bunun nəticəsində də Rusiya ilə münasibətlərin gərginləşdirilməsinə nail olmaqdır. Ermənistan tərəfi əmin idi ki, Şuşa şəhərinin atəşə tutulması heç bir halda cavabsız qalmayacaq. Cavab atəşi nəticəsində hansısa rus əsgərinin yaralanması və ya həlak olması isə Azərbaycanla Rusiya arasında olan münasibətlərin pozulmasına gətirib çıxarar. KTMT-dən əli üzülən Ermənistan indi də Rusiya ilə münasibətlərin pozulması fonunda hansısa dividentlər əldə etməyə çalışır. Lakin xatırladıram ki, Azərbaycan Ordusu həmin atəş açılan nöqtələri anında göyə sovurmaq üçün kifayət qədər güc, imkan və potensiala malikdir. Hərbçi kimi mövqeyim ondan ibarətdir ki, diplomatlar məsələni müzakirə edə bilər, o cümlədən də Şarl Mişel və ya digərləri. Lakin hərbçilərimiz həm ərazilərimizin, həm də özlərinin təhlükəsizliklərini təmin etmək məqsədilə atəş açılan mövqelərin külünü göyə sovurmalı və həmin ərazilərə zərurət yaranarsa, tam nəzarəti ələ keçirməlidirlər. Onsuz da Şuşaya, Ağdama atəş açılan ərazilər Azərbaycan ərazidir. Bu ərazilərin gec-tez Azərbaycanın nəzarətinə keçəcəyini sülhməramlılar da qəbul edib, eləcə də Rusiya. Odur ki, bu ərazilərin 5 gün tez, 5 gün gec Azərbaycanın nəzarətində olması təhlükəsizliyə töhfə verirsə, bunu biz daha erkən həyata keçirməliyik. Bunu Ermənistan tərəfi artıq neçənci dəfədir israrla “xahiş” edir. Biz də onların bu “xahişini” yerinə yetirməliyik”.