İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ciddi şəkildə silahlanır. Ermənistana silah tədarükündə isə hazırda Hindistan və Fransa əsas ölkələrdir.
AzerTimes Hindistan və Fransanın Ermənistana satdığı silah sistemlərinin bazar qiyməti ilə bağlı məlumatı təqdim edir:
– “Svati” radar sistemləri – Sistem Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (İndian Defence Research and Development Organization) və “Bharat Elektroniks” şirkəti tərəfindən istehsal olunur. Ermənistan 2020-ci ildə dörd “Svati” sistemi alıb. ABŞ-ın Corc Vaşinqton Universitetinin “Avrasiyada Tədqiqat və Təhlükəsizliyə Yeni Yanaşmalar” Proqramının (The Program on Newapproaches to Research and Security in Eurasia – PONARS Eurasia) rəsmi internet səhifəsində 16 fevral 2022-ci il tarixdə yayımlanan “Ermənistanın Hindistandan yeni “Svati” radarı və müdafiə idxalları: Avrasiya geostrategiyası, yoxsa texnologiya interfeysi? (Armenia`a New Swathi Radar and Defence Imports from India: Eurasian Geostrategy or Technology İnterface?) adlı məqalədə Ermənistanın sözügedən sistemlər üçün 40 milyon dollar ödədiyi bildirilib;
– Ötən ilin oktyabr ayında “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün Ermənistan və Hindistan arasında 245 milyon dollarlıq müqavilə imzalanıb. Açıq internet mənbələrindən əldə edilən məlumata görə, hazırda Hindistan ordusunun arsenalında müasir lazerlə idarə olunan, helikopterdən buraxılan “Nag”(1 ədəd 500 min dollar), insan tərəfindən daşına bilən “Man-Portable Anti-Tank Guided Missile” (Qiyməti ilə bağlı dəqiq məlumat yoxdur), Mi-35 helikopterindən buraxılış üçün SANT (Smart Stand-off Anti-Tank Missile – İlk dəfə 2020-ci ildə sınaqdan keçirilib, satış qiyməti ilə bağlı dəqiq məlumat yoxdur) TƏİR-ləri, reaktiv zirehlə qorunan hədəfləri vurmaq üçün tankdan atıla bilən lazerlə idarə olunan və s. TƏİR-lər var;
– MArG 155 təkərli özüyeriyən haubitsalar – Hindistanın “Frontierindia.com” saytının 13 noyabr 2022-ci ildə verdiyi məlumata görə, ötən ilin doqquz noyabrında Hindistanın “Bharat Forge” şirkəti Ermənistana MArG haubitsalarının göndərilməsi üçün öz törəmə şirkəti “Kalyani Strategic Systems” şirkəti ilə 155,5 milyon dollar dəyərində müqavilə imzalayıb;
– “Konkurs-M” raketləri – insan tərəfindən daşına bilən TƏİR-lər sinfinə daxildir. Rusiyanın verdiyi lisenziya əsasında Hindistanın “Bharat Dynamics Ltd” şirkəti tərəfindən istehsal olunur. Ötən ilin dekabrında sözügedən raketlərin Ermənistana satılması ilə bağlı danışıqların aparılması haqqında məlumat yayılıb. Dünya bazarında bir ədəd “Konkurs–M”-in qiyməti təqribən 130-150 min dollar civarındadır. Ermənistanın neçə ədəd alacağı bilinmir;
– ATAGS topları – “Indian Defence Research Wing” portalının 13 sentyabr 2022-ci il tarixdə yaydığı məlumata görə, qarşıdakı üç il ərzində 84 ATAGS-ın tədarükü üçün Hindistan və Ermənistan arasında 155,5 milyon dollarlıq saziş imzalanıb;
– “Zen Anti-Drone System” – “Azadlıq” radiosunun erməni xidmətinin 10 noyabrda Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən yaydığı məlumatda bu anti-dron sisteminin alınması üçün Dehli və İrəvan arasında 41 milyon dollarlıq müqavilə imzalandığı qeyd olunub;
– 30-40 mm çaplı qumbaralar – “İndian Aerospace Defence Nyus”un 15 noyabrda dərc etdiyi məlumatda Hindistanın Ermənistana 150 min ədəd 30-40 mm çaplı qumbaralar göndərəcəyi bildirilib. Eyni zamanda məlumatda Hindistan Ermənistana “Munitions India Limited” şirkətinin istehsalı olan 5 milyon ədəd 7,62 mm çaplı güllə verib;
– “Akaş” (Akash) ortamənzilli yer-hava HHM sistemi – “Sputnik Hindistan”ın 5 gün öncə yaydığı məlumatda İrəvanın bu sistemi əldə etmək üçün Dehli ilə 600 milyon dollarlıq müqavilə imzaladığı bildirilib;
– “BrahMos” qanadlı raketləri – Hindistan Rusiya ilə birlikdə istehsal edir. “Indian Defence Research Wing” portalı bu raketin Ermənistana verilməsi ilə bağlı məlumat yayıb. Müxtəlif növləri var. Açıq internet mənbələrində qiymətinin 3,5-5 milyon dollar arasında dəyişdiyi qeyd olunub;
– “Pralay” yaxınmənzilli ballistik raketi – “Indian Defence Research Wing” portalı Ermənistana verilməsi ilə bağlı danışıqların aparılması məlumatını yayıb. Açıq internet resurslarında qiymətinin 1 milyon dollar civarında olduğu göstərilib.
Fransadan alınan silah sistemləri:
– SEZAR artilleriya sistemi – 2023-cü il dekabrın 3-də Fransa sistemin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. “Militarytoday.com”un yaydığı məlumata görə, sistemin qiyməti 7,5 milyon dollardır;
– “Bastion” çoxməqsədli zirehli texnikası. Bu ilin noyabrında Gürcüstan vasitəsilə Ermənistana 24 ədəd göndərilib. Ümumilikdə Ermənistan 50 ədəd “Bastion” alacaq. “Army-guide.com”un yaydığı məlumata görə, bir ədədinin qiyməti 403 min dollardır (ümumi 20,150 milyon);
– GM-200 radarı – 24 oktyabr 2023-cü ildə Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşü zamanı 3 ədəd GM-200 radar və “Mistral” HHM sisteminin Ermənistana tədarükü ilə bağlı memorandumun imzalandığını bildirib. “Armyrecognition.com”un yaydığı məlumata görə, GM-200-ün birinin satış qiyməti 14,5 milyon dollardır;
– “Mistral” HHM sistemi – Açıq internet resurslarında bir ədədinin satış qiymətinin 300-350 min dollar arasında olduğu bildirilir.
Siyahı bununla bitmir. Sadaladığımız artilleriya sistemləri, top və s. mətbuata məlum olanlardır. Ermənistanın gizli şəkildə daha çox silah və hərbi texnika alması mümkündür. Bu isə milyardlarla dollar deməkdir.
Əlbəttə, belə silahlanma yeni müharibə hazırlığından xəbər verir. Ortaya isə bir sual çıxır: Ermənistana bu qədər silahı hansı vəsaitlə alır?
Əlimizdə olan rəqəmlərlə isə Ermənistanın son 3 il ərzində aldığı və alacağı silahlara və hərbi texnikaya sərf edəcəyi ümumi vəsaitin ən azı 2 milyard dolları keçəcəyi gözlənilir.