Ermənistandan kimyəvi təhlükə… – “Türkiyə”

Ermənistandan kimyəvi təhlükə… – “Türkiyə”

Ermənistan ABŞ-la müştərək şəkildə yenə bütün beynəlxalq hüquq normalarını tapdalayaraq Azərbaycana çox yaxın ərazidə metallurgiya zavodu tikir. Zavodun istehsala başlaması ekoloji fəlakətə gətirib çıxaracaq.

AzerTimes xəbər verir ki, bu fikirlər türkiyəli yazar Yılmaz Bilgənin “Türkiyə” qəzetində nəşr olunan “Tullantılar Araz çayına axıdılacaq: Ermənistandan kimyəvi təhdid” adlı yazısında qeyd olunub.

Məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun alimi, professor Sadiq Həsənovun sözügedən məsələ ilə bağlı fikirlərinə də yer verilib:

“Zavod Naxçıvan sərhədindən cəmi 800 metr uzaqlıqda yerləşir və mütəxəssislərin verdiyi məlumata görə, bu zavodun istehsala başlaması Türkiyə və Azərbaycanda 17 milyon insanın həyatı üçün riskə çevriləcək. Zavod fəaliyyətə başlayacağı təqdirdə bütün tullantılar Araz çayına töküləcək. Bu vəziyyət Azərbaycan və Türkiyə üçün ekoloji fəlakət deməkdir. Zavodda ildə 180 min ton metal işlənəcək. İstehsalın başlaması ilə kükürd, civə, qurğuşun və alüminium kimi maddələrdən istifadə olunması açıq təhdid və meydan oxumadır. Arazın üzərində sərhədə 800 metr məsafədə belə bir zavod suya, havaya, ümumiyyətlə, flora və faunaya öz mənfi təsirini göstərəcək. Ermənistan zavodun tikilməsinə ediləcək etirazları əngəlləmək üçün ABŞ-ı layihəyə şərik kimi qoşdu. Hazırda zavodun tikintisinə 70 milyon dollar sərmayə qoyulub. Bu, iqtisadi bir addımdan daha çox, siyasi addımdır. 16 hektar ərazidə inşa edilən zavodda istehsal zamanı isə bir çox kimyəvi maddələrdən istifadə olunacaq, bu atmosferə pis təsir edəcək. Araz çayının tamamilə kirlənməsi həm də Ərzurum, İğdır və Qarsın da ekoloji vəziyyətini ağırlaşdıracaq”.

Digər bir azərbaycanlı ekoloq alim, professor Telman Zeynalov isə açıqlamasında ABŞ-ın da kirli planlarının olduğunu qeyd edib:

“Ermənistan bir tərəfdən xoş niyyətli mesajlar verir, digər tərəfdən üçüncü ölkələrlə kirli planlar qurur. ABŞ-ın Naxçıvandakı sərhədimizə yaxın məsafədə zavodun tikintisinə şərik olmasına başqa prizmadan baxmalıyıq. Bu təhdid dolu cəhd eyni zamanda beynəlxalq hüquq baxımından da özündə ziddiyyətli məqamları əks etdirir. Əgər indidən tədbir görülməsə, qarşıda ekoloji və sağlamlığımızla bağlı problemlərlə üzləşə bilərik. 10 milyon Azərbaycan əhalisi ilə yanaşı, Türkiyənin də 6-7 milyon əhalisi təhdid altındadır. Arazdəyəndə qurulacaq bu zavod kirli niyyətlərin təzahürüdür və eyni zamanda beynəlxalq prinsiplərə və insan haqlarına ziddir. Azərbaycan və Türkiyə 25 fevral 1991-ci ildə Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”ya qoşulub. Zavod Metsamor AES kimi şantaj və təhdid məqsədilə tikilir, beynəlxalq səviyyədə buna qarşı ciddi mübarizə aparmalıyıq. Məqsəd iş yeri açmaq, istehsal və s. deyil. ABŞ isə iqtisadi layihə bəhanəsi ilə bölgəyə girməyə çalışır. Digər tərəfdən isə Ermənistan qanunsuz şəkildə mədənlərimizi talamaq üçün ondan sipər kimi istifadə etmək niyyətindədir. Bizə aid olan mədənləri 30 ildir talayan Ermənistana qarşı ortaq şəkildə hərəkət etməli, beynəlxalq məhkəmələrin çıxardığı hökmlər ilə təzminat almağa nail olmalıyıq. Türkiyə ictimaiyyəti də qarşıdan gələn təhlükənin fərqinə varmalıdır”.

Teqlər: