Ermənistandan BMT-də təxribat: “gizli iclas”…

Ermənistandan BMT-də təxribat: “gizli iclas”…

Avqustun 23-də Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi dezinformasiya yaymaq və Laçın yolu ətrafında vəziyyəti təhrif etmək məqsədi ilə BMT-nin mənzil-qərargahında növbəti təxribat xarakterli aksiya keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Ermənistan daimi nümayəndəliyi BMT-nin ənənəsini kobud surətdə pozaraq, BMT üzvlərinin böyük əksəriyyətindən gizli şəkildə, yalnız məhdud ölkələri və ekspertləri dəvət edərək, digər bütün BMT üzvlərinin üzünə qapını bağlayaraq, qapalı iclas keçirib. Hətta qapıya da mühafizə qoyub ki, ədalətli diskussiyadan qaçsın və özünü qaçılmaz ifşadan qorusun.

“Məlumdur ki, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv ölkələrə tədbirin vaxtı və yeri barədə əvvəlcədən məlumat və iştirak üçün dəvət göndərilməklə keçirilir. Erməni diplomatların seçdiyi format BMT üçün görünməmiş adlandırıla bilərdi, lakin bu platformadan yalan xəbərləri təbliğ etmək üçün mütəmadi olaraq sui-istifadə edən Ermənistanda bu, getdikcə daha çox yayılır. Bu kontekstdə bir sıra ölkələrin diplomatlarının çaşqınlığı və qəzəbi tam haqlı idi, çünki Ermənistanın daimi nümayəndəliyi BMT-nin bütün üzvlərinin müzakirədə iştirak etmək üçün əsas hüququnu nəinki rədd etdi, hətta onları polislə hədələdi.

Bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki olaraq ölçülüb-biçilmiş cavab aldıqdan sonra bu cür meyillər xüsusilə güclənir. Açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin əbəs olduğuna əmin olan Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi qalmaması təəccüblü deyil.

Aydındır ki, belə bir yanaşma BMT Nizamnaməsinin ruhuna və hərfinə və Təşkilatın məqsədlərinə heç bir şəkildə uyğun gəlmir. Təsadüfi deyil ki, BMT Katibliyi qapalı müzakirə zalının önünə xüsusi xəbərdarlıqla məlumat lövhəsi qoymuşdu ki, bu tədbir yalnız ev sahibliyi edən Ermənistanın təşəbbüsü və məsuliyyəti ilə keçirilir və BMT-nin dəstəyi yoxdur, çoxtərəfli prosesin bir hissəsi deyil.

Azərbaycanın daimi nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış şərhlərin formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir”, – məlumayda bildirilib.

Teqlər: