Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistanda parlament seçkilərindən sonra dərinləşən siyasi gərginlik və ciddi fikir ayrılıqları, hökumətin hansı qaydada formalaşdırılması heç bir halda 10 noyabr razılaşmasının həyata keçirilməsinə əngəl ola bilməz.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsi regionda yeni reallıqlar yaratdı və dünya artıq bu reallığı qəbul edib:
“Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ölkənin yeganə çıxış yolu 10 noyabr razılaşmasını yerinə yetirməkdən keçir. Çünki bütün dünya regionda yaranmış yeni reallığı qəbul edib. Ermənistan işğalçı siyasət yürütdüyü üçün bölgədən təcrid edilib və dalan bir ölkəyə çevrilib. Ermənistan həyata keçirilən bütün regional layihələrdən kənarda qalıb, xarici dövlətlərdən asılı vəziyyətə düşüb.
Əgər Ermənistan sivil bir ölkə kimi tərəqqiyə, inkişafa meyilli addımlar atacaqsa, Azərbaycanla normal münasibətlər qurmağa çalışacaqsa və 10 noyabr razılaşmasını icra edəcəksə, yavaş-yavaş dalan ölkə olmaqdan xilas olacaq. Lakin əgər revanşist düşüncəyə düşərlərsə, daha çətin və pis nəticələrlə üzləşməli olacaq.
Ermənistan bu bəyanatın hər hansı maddəsinin yerinə yetirilməsinə qarşı çıxarsa, konstruktiv addım atmazsa və sivil düşüncə ilə yaşamazsa, əlbəttə bu, Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq. Üçtərəfli bəyanat birmənalı olaraq yerinə yetirilməlidir”.