Ermənistan ordusu son günlər dövlət sərhədində təxribatları
yenidən intensivləşdirib. Belə ki, həftə ərzində Ermənistan
hərbçiləri Kəlbəcər rayonunda yerləşən Azərbaycan Silahlı
Qüvvələrinin mövqelərini intensiv olaraq atəşə tutublar. Düşmən
cavab atəşi ilə susdurulsa da, lakin erməni təxribatlarının davam
edəcəyi istisna olunmur. Bəs görəsən bu təxribatlar nəyə hesablanıb
və sülh müqaviləsinin imzalanmasına hansı mənfi təsir
göstərəcək?
Politoloq Elşad Həsənov hesab edir ki, dövlət sərhədində baş
verən erməni təxribatları ilə Ermənistan daxilində baş verən
proseslərin bağlılığı var: “Məlumdur ki, may ayının 2-dən
Ermənistanda hakimiyyət əleyhinə aksiyalar keçirilir və müxalifət
baş nazir Nikol Paşinyanı devirməyə çalışır. Düzdür, aksiyalar bir
qədər azalmağa doğru getsə də, lakin hələ də mitinqlər davam edir.
Bildiyimiz kimi Ermənistan ordusunda müxalifət nümayəndələri,
onların əlaltıları da var. Onlar Azərbaycanla Ermənistan arasında
sülh müqaviləsinin imzalanmasına qarşıdırlar və bu yolla həmin
prosesə əngəl törədirlər. Ancaq ümumilikdə Ermənistan hakimiyyəti,
Paşinyan hakimiyyəti Azərbaycan tərəfindin təqdim etdiyi 5 maddəlik
prinsiplərlə razılaşıblar. Delimitasiya məsələsi ilə bağlı
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da
deyib ki, ölkəsinin bununla bağlı komissiyası hazırdır. Qriqoryanın
məlumatına görə, sərhədlərin delimitasiyası ilə bağlı yaxın
günlərdə görüş olacaq”.
Elşad Həsənov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında
sülh müqaviləsinin bağlanmasını Avropa İttifaqı, Rusiya, eyni
zamanda Amerika da istəyir və ABŞ dövlət katibi Azərbaycan
Prezidenti ilə telefon danışığında sülh müqaviləsinin bağlanmasına
dəstək verməyə hazır olduqlarını bildirdi. Ancaq Ermənistandakı
revanşist qüvvələr vəziyyəti gırginləşdirmək, bununla da sülh
müqaviləsinin bağlanmasına mane olmaq istəyir. Hesab edirəm ki,
Ermənistandakı revanşist qüvvələr buna nail ola bilməyəcəklər.
Çünki qeyd etdiyim ki, Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin bağlanmasına həm Avropa İttifaqı, həm Rusiya, həm də
Birləşmiş Ştatlar maraqlıdır”.