Ermənistanda təhlükəli xəstəlik: regiona yayıla bilər?

Ermənistanda təhlükəli xəstəlik: regiona yayıla bilər?

Əhalinin stabil olaraq yüksək səviyyədə qızılca və məxmərəyə qarşı peyvəndlərlə əhatə olunması nəticəsində 2019-cu ilin iyul ayından başlayaraq Azərbaycanda endemik qızılca xəstəliyi qeydə alınmayıb.

Bu barədə AzerTimes-ın qızılca xəstəliyi ilə bağlı sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qızılca virusu yalnız insanı yoluxdurduğu üçün xəstəliyin eliminasiyasına (müəyyən bir xəstəliyin nəzərdə tutulmuş ərazidən tamamilə silinib təmizlənməsi) nail olmaq mümkündür:

“Qızılca virusu yüksək kontagiozlu mikroorqanizmlərdəndir. İnfeksiya mənbəyi ilə (xəstə insan) təmasda olduqdan sonra insan 90% xəstələnir. Qızılca hava-damcı yolu ilə yayılır. Virusla təmasdan sonra xəstəliyin simptomları əmələ gələnədək inkubasiya dövrü adətən 10-12 gün təşkil edir (7-18 günədək dəyişə bilər).

Qızılcalı xəstələr səpki əmələ gəldikdən 4 gün əvvəl və səpki əmələ gəldikdən 4 gün sonrayadək yoluxucu hesab edilirlər. Qızılca səpkisinə bənzər səpki bir sıra yoluxucu xəstəliklərdə də ola bilər. Buna görə də qızılcanın differensial diaqnostikası üçün laborator müayinənin aparılması vacibdir. Qızılca xəstəliyi üçün səpki ilə yanaşı digər kliniki əlamətlər – öskürək, burundan selikli ifrazatın gəlməsi, hərarətin 38-39 dərəcə olması və konyuktivit də xarakterikdir.

Azərbaycanda yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bir çox xəstəliklər, o cümlədən qızılca xəstəliyi eliminasiya olunub. Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvənd təqviminə əsasən, qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır. Milli səviyyədə peyvəndlərlə əhatənin yüksək səviyyəsinin (95-98%) saxlanılması, qızılca və məxmərəyə şübhəli bütün hadisələrin tam və aktiv aşkarlanması, onların mütləq laborator müayinəsi, qızılca xəstəliyi üzərində effektiv epidemioloji nəzarətin aparılması və vaxtında operativ qərarların qəbul edilməsi ölkənin infeksiya üzrə eliminasiya statusunun qorunub saxlanılmasında əsas rol oynayır”.

Qeyd edək ki, hazırda Ermənistanda qızılcaya yoluxanların sayı artır.

Teqlər: