Ermənistanda siyasi gərginlik – Antirusiya meyilləri artır

Xəbər - Elçin Mehdiyev – Trend:

Rusiyaya qarşı sanksiyaların tətbiqi və yenilərinin anons edilməsi “Sorosun Ermənistandakı uşaqlarını” yenidən hərəkətə gətirib və vaxtilə sözügedən fondun layihələrində fəal iştirak edən şəxslər və qruplar Rusiya əleyhinə təbliğatlarını daha da gücləndiriblər.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Ermənistan və Rusiya mənbələri martın 1-də ABŞ-ın Yerevandakı səfiriliyində erməni fəallar və siyasətçilərlə keçirilən görüşdən sonra ənənəvi olaraq Rusiya əlehinə çıxış edən qüvvələrin fəallığı daha da artıb:

“İttihamlar isə yalnız “keyfiyyətsiz rus silahları”, “Rusiyanın müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi” və digər mülahizələrlə bağlı deyil. Ermənilər hesab edirlər ki, Rusiyaya etibar etmək mümkün deyil və Ermənistanın xilas yolu Moskva ilə yollarını həmişəlik ayırmaqdan keçir. Qeyd edim ki, belə yanaşma tərzi təkcə baş nazir Nikol Paşinyanın tərəfdarlarına xas deyil. Anti-Rusiya əhval-ruhiyyəsi Ermənistanın ayrı-ayrı regionlarında, o cümlədən Rusiyanın hərbi bazasının yerləşdiyi Gümrüdə də özünü büruzə verməkdədir.

Qeyd edim ki, bir neçə gün öncə, vaxtilə “rusiyayönlü” kimi təqdim edilən dairələrin təmsilçisi, Ermənsitanın keçmiş müdafiə naziri Seyran Ohonyan da Rusiyanın hərbi mövcudluğunun tərəfdarı olmadığını bildirən fikirlər səsləndirmiş, Ermənistanın təhlükəsizliyinin yeganə zəmanətçisinin erməni ordusu olduğunu bəyan etmişdi”.

E.Mirzəbəylinin sözlərinə görə, qərbmeyilli erməni analitikləri isə Avropa İttifaqı və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların getdikcə daha da sərtləşəcəyini, Moskva ilə Vaşinqton və Brüssel arasındakı münasibətlərin tamamilə qırılacağını bildirirlər:

“Məsələn, şərhçi Razmik Akopcanyanın qənaətinə görə, Rusiya iqtisadi cəhətdən zəif və asılı ölkədir və bu ölkənin iqtisadiyyatının ayrı-ayrı sahələrinə tətbiq edilən sanksiyalar iqtisadi fəallığın və imkanların azalmasına xidmət edəcək.

2021-ci ilin yanvar-fevral aylarında Rusiyada neft və qaz kondensatı istehsalının 11,9 faiz azaldığını deyən Akopcanyanın qənaətinə görə, bu ölkə artıq Ermənistanın inkişafı yolunda maneəyə çevrilib və “Ermənistanı demokratik Avropa ailəsinə qaytarmaq üçün xilas etmək lazımdır”. Xatırladım ki, Ermənistanda Akopcanyan kimi düşünənlərin sayı yetərincədir və onlar cəmiyyətin əhval-ruhiyəsinə uyğun olaraq, daha sərt mövqe sərgiləyirlər”.

Teqlər: