Ermənistanda seçkiqabağı gərginlik: əhali heç bir siyasi qüvvəyə inanmır – RƏY

Xəbər - Elçin Mehdiyev – Trend:

Erməni hərbçilərin sərhəddə törətdiyi təxribatlar Ermənistanda seçkiqabağı ictimai rəyin formalaşmasına ciddi təsir göstərməkdədir. Belə ki, bir neçə gün əvvəl keçirilən sosioloji sorğuda rəyi soruşulanların təqribən 32 faizi Ermənistanda təhlükəsizlik təminatının ən aktual məsələ olduğunu ifadə edib. Yalnız 13 faiz respondent iqtisadi stabilliyin əhəmiyyətini prioritet hesab etmişdir. Halbuki, bir neçə ay əvvəl keçirilən sorğularda tamam fərqli mənzərə üzə çıxırdı.

Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, ictimai rəyin birdən-birə dəyişməsi sərhəddə yaşanan insidentlərlə bilavasitə bağlıdır: “Güman ki, təxribat törədən erməni hərbçilərinin rəzil-rüsvay vəziyyətə düşməsi və Azərbaycan dövlətinin sərhədlərin dəqiqləşməsində bir qarış torpağı belə güzəştə getməməsi Paşinyanın seçkiqabağı reytinqinin zəifləməsinə səbəb olacaq.

Aydın məsələdir ki, “təhlükəsizlik” məfhumuna adətən Qarabağ klanı istinad etmişdir. Daha konkret desək, Sarkisyan-Koçaryan cütlüyü uzun illər bu məfhumun kölgəsində maskalanıb özlərinin hakimiyyət maraqlarını reallaşdırıblar. Bu baxımdan, hazırkı situasiya Koçaryanın xeyirinədir və onun seçkidə daha çox səs qazanmasına şərait yarada bilər.

Ümumiyyətlə, gedişat onu göstərir ki, Paşinyanla Koçaryanın bloku seçkilərin nəticələrinə əsasən birinci və ikinci yerləri bölüşəcəklər. Paşinyanın blokunun 30 faiz ətrafında səs toplayacağı ehtimal olunur, lakin bu göstərici ilə onun təkbaşına hakimiyyət qurması mümkünsüzdür. Seçkilərin ikinci raundu elan olunmasa, Paşinyan Koçaryanla hakimiyyəti bölüşməyə, yəni koalisiyalı hökumət qurmağa razılıq vermək məcburiyyətində qala bilər. Çünki başqa alternativ siyasi qüvvə yoxdur”.

Politoloqun sözlərinə görə, sorğularda ortaya çıxan səs faizləri onu deməyə əsas verir ki, sanki erməni cəmiyyətində siyasi qütbləşmə getdikcə dərinləşir:

“Bir qütbdə Paşinyan, digərində isə Koçaryan dayanır. O da bir həqiqətdir ki, Paşinyanla Koçaryanın koalisiyalı hakimiyyəti dayanıqlı və uzunmüddətli ola bilməz. Bir sözlə, bu ssenari reallaşsa Ermənistanda ciddi hakimiyyət böhranının yaşanacağı qaçılmazdır. Ona görə də Paşinyanın təşəbbüsü ilə seçkilərin ikinci raundunun keçiriləcəyi də istisna deyil.

Erməni xalqı hazırda pislərin içərisində daha az pis olanı seçmək zərurəti qarşısındadır. Nə “demokratiya və insan haqları” şüarları ilə hakimiyyətə gələn Paşinyan, nə də bundan əvvəl ölkəni kriminal üsullarla idarə edən Koçaryan erməni xalqına nicat yolu vəd edə bilmir. Ermənilər də bunun fərqindədir. Ona görə də bütün sorğularda əhalinin böyük bir hissəsi heç bir siyasi qüvvəyə inanmadığını bildirir, ya da mövcud seçimlər qarşısında qərarsız olduğunu ifadə edir”.

Teqlər: