Ermənistanda seçkilərin taleyi necə həll ediləcək – Kimin şansı daha çoxdur?

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, mübarizə aparacaq qüvvələrin də kimliyinə yavaş-yavaş aydınlıq gəlir. Maraqlı məqam odur ki, Koçaryan və Sarkisyan ayrı-ayrı blokların tərkibində seçkilərə qatılacaq.

Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, Koçaryan “Daşnaksutyun” və “Yüksələn Ermənistan” (partiya bu ilin mart ayında təsis olunub) partiyalarının yer aldığı “Ermənistan” adlı bloka rəhbərlik edəcək:

“Sarkisyan isə Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyası ilə birgə blokun tərkibində seçkilərə qatılır. Qeyd edim ki, bu partiya da 2 ay əvvəl yaranıb. Qarabağ klanının elektoral bazası zəif olan partiyalarla seçkilərə qatılmağı maraq doğurur.

Böyük ehtimalla, Sarkisyanın bloku parlamentdə təmsil olunmaq üçün zəruri olan səs faizi baryerini aşa bilməyəcık. Bu ilin aprel ayında Ermənistan seçki məcəlləsinə edilən dəyişikliyə görə bloklar parlamentdə mandat əldə etmək üçün minimum 8 faiz səs toplamalıdır. Əvvəllər bu göstərici 7 faiz idi. Reytinqi onsuzda yerlərdə sürünən Sarkisyanın yenicə yaranmış bir partiya ilə bu səs faizini keçməsi inandırıcı görünmür. Yeri gəlmişkən, məcəlləyə edilən bu dəyişiklik Paşinyanın seçkiqabağı siyasi opponentlərini neytrallaşdırmaq üçün həyata keçirdiyi preventiv tədbir kimi qiymətləndirilə bilər”.

Politoloqun sözlərinə görə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın da seçkilərə qatılacağı artıq dəqiqləşib:

“O, rəhbərlik etdiyi “Ermənistan Milli Konqresi” partiyası ilə seçkilərə gedir. Qeyd edim ki, aprel ayında edilən dəyişikliyə əsasən, partiyaların parlamentdə təmsil olunması üçün səs faizi 5-dən 4-ə endirilib. Bu, Levonun şanslarını bir qədər artırır. Ümumiyyətlə, onun son vaxtlar həm Paşinyanı, həm də Sarkisyan-Koçaryan cütlüyünü ittiham edən bəyanatları erməni cəmiyyətində böyük əks-səda yaratdı və eyni zamanda ona seçkiqabağı müəyyən xal qazandırdı”.

C.Əhmədli qeyd edib ki, rəy sorğuları onu göstərir ki, müharibə canisi Robert Koçaryanın reytinqi yüksələn templə davam edir: “Paşinyanın uğursuz sərhəd təxribatı da gözlənilən effekti vermədiyi üçün cəmiyyətdə ona qarşı nifrət bir qədər də artıb. Bütün bunlara baxmayaraq, onun digər siyasi qüvvələrlə müqayisədə daha çox səs faizi əldə edəcəyi gözlənilir, fəqət ehtimal olunan nəticələrlə Paşinyan təkbaşına hakimiyyət qura bilməyəcəyi üçün, onun kiminlə koalisiyaya gedəcəyi maraqlıdır. Böyük ehtimalla, Qarabağ klanını hakimiyyət ortağı etməyəcək. Bununla belə 20 iyundan sonra siyasi xaosun dərinləşəcəyi istisna deyil.

Seçkilərin nəticələrini isə əsasən qərarsız və heç bir siyasi qüvvəyə inanmayan seçicilərin 20 iyundakı fəallığı müəyyən edəcək. Onlar təqribən 40-50 faiz civarında kontingenti əhatə edirlər. Onların seçki gününə qədərki qərarları həlledici ola bilər”.

Teqlər: