Ermənistanda seçkilər: Paşinyanın rəqibləri kimlərdir?

Xəbər - Elçin Mehdiyev – Trend:

“Gallup”ın dünən keçirdiyi sorğunun nəticələri onu göstərir ki, erməni cəmiyyətində hələ ki, Paşinyana güclü alternativ yoxdur. Hazırkı baş nazir bütün sorğularda 30 faizin üzərində nəticə göstərir ki, bu da təkbaşına olmasa da, koalisiyalı hakimiyyət qurmağa kifayət edir.

Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, sonuncu sorğuda maraqlı bir detal diqqətdən yayınmadı: “Belə ki, revanşist qüvvələr kimi xarakterizə etdiyimiz siyasi qruplar ümumilikdə 11 faizdən yuxarı nəticə göstəriblər. Halbuki, əvvəlki sorğularda həmin qüvvələrə ümumi respondent etimadı 3-4 faizdən yuxarı olmurdu. Görünür, revanşist ideyaların təbliği ictimai rəyə təsirsiz ötüşməmişdir. Digər tərəfdən isə müharibə və pandemiyanın səbəb olduğu sosial-iqtisadi gərginlik dərinləşdikcə Paşinyanın reytinqinin aşağı düşməsi qaçılmaz olur. Xatırladım ki, “Gallup”ın əvvəlki ay keçirdiyi sorğu ilə müqayisədə Paşinyanın reytinqində 3 faiz azalma özünü göstərir”.

Politoloqun sözlərinə görə, ötənaykı sorğu ilə müqayisədə “heç kimə səs verməyəcəm” deyənlərin faiz nisbətinin aşağı düşməsi, bunun paralelində isə revanşistlərin daha yüksək reytinq göstərməsi ondan xəbər verir ki, narazı təbəqə müxalifətə doğru meyillənməkdədir:


“İndi Paşinyanın əsas məqsədi həmin narazı kontingenti (hansı ki, 26 faiz kimi böyük rəqəmdən gedir) özünə qismən yaxınlaşdırmaqdır. Sorğuların nəticələri həm də onu göstərdi ki, kimə səs verməkdə qərarsız qalan erməni respondentlər təqribən 20 faiz təşkil edir. Dolayısı ilə erməni əhalisinin ümumilikdə 46 faizi hazırkı siyasi qüvvələrin heç birisinə inanmır. Bu fakt isə özü-özlüyündə yaxın gələcəkdə hakimiyyət böhranının yaşana biləcəyindən xəbər verir. Ən sadə formada ifadə etsək, indiki məqamda formalaşacaq hakimiyyət əhalinin təqribən yarısının (46%) iradəsini ifadə etməyəcək.

“Gallup”ın sorğusunda diqqəti cəlb edən digər maraqlı məqam da odur ki, erməni əhalisinin təqribən 30 faizi qarşıdan gələn seçkilərin ədalətli keçirilməyəcəyini bildirir. Güman ki, həmin kontingentin böyük hissəsi ümumiyyətlə seçkilərdə iştirak etməyəcək. Çünki seçkilərin şəffaf keçirilmədiyini deyən şəxsin səsvermə məntəqələrinə gələcəyini gözləmək sadəlövhlük olar. Maraqlı nüans isə həmin 30 faizin içərisində hansı siyasi qüvvələrə inamın daha çox olmasıdır.

Təcrübə onu göstərir ki, seçkilərin ədalətli keçirilməyəcəyini düşünən insanlar adətən müxalifətin tərəfdarları olur. Bu baxımdan, seçki günü müxalif mövqeli insanların səsvermə məntəqələrinə güclü axın etməyəcəyini proqnoz edə bilərik. Ümumiyyətlə, Ermənistandakı, revanşist qüvvələr demokratik seçki mühitinə xeyli yad insanlardır. Onlar daha çox güc yolu ilə hakimiyyəti devirmək təcrübəsinə istinad etməyin tərəfdarıdırlar. Bu da Paşinyan üçün əlavə üstünlükdür”.

Teqlər: