Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca ölkədə daxili siyasi gərginlik artır. Bu gərginlik o səviyyəyə çatıb ki, iyunun 20-nə təyin olunan seçkilərin təxirə salınma ehtimalı da var.
Seçkilərdə 23 partiya, 4 siyasi blok qatılsa da, əsas mübarizə və mübahisə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası və eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku arasında gedir. Hər iki tərəf bir-birini aşağılamaq, reputasiyasına zərbə vurmaq üçün hər fürsət və vasitədən istifadə edir. Son günlərdə onların arasında yaşanan söz savaşı artıq məişət səviyyəsinə düşüb. Bir-birinə qarşı hətta “Sən kişi deyilsən” kimi jarqonlardan istifadə edirlər. Eyni zamanda, R.Koçaryan N.Paşinyanı duelə çağırıb. Paşinyan isə buna görə Koçaryanı terrorçularla müqayisə edib.
Seçicilər rüşvətlə ələ alınır
Ölkədə söz savaşı ilə yanaşı, rüşvət yarışı da gedir. Belə ki, erkən parlament seçkiləri ərəfəsində seçicilərə rüşvət təklif edilməsi ilə bağlı yerli mediada xəbərlər yayılmaqdadır. Belə ki, əvvəlcə keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan bloku hakimiyyəti bu taktikadan istifadə etməkdə günahlandırıb. Blokun seçki qərargahının nümayəndəsi Aram Vardavanyan Syunik və Geğarkunik bölgələrindəki kəndlilərə subsidiyaların nədənsə indi paylanmağa başladığını söyləyib. Onun fikrincə, bu, seçicilərə rüşvət vermək cəhdidir.
Digər məlumatlara görə isə seçicilərin rüşvət alması mexanizmi, ilk növbədə, Robert Köçəryanın özü tərəfindən işə salınıb və bu, birbaşa açıq rüşvətlə bağlıdır. Köçəryanın bunun üçün böyük vəsait ayırdığı deyilir və seçicilərə “Ermənistan” seçki blokunun lehinə verilən səslər üçün pul mükafatı təklif edir.
Qarabağ erməniləri seçkilərə cəlb edilir
Burada diqqət çəkən əsas məqamlardan biri də Koçaryanın Qarabağ ermənilərini fəal şəkildə seçkilərə cəlb etmək çəhdidir. Belə ki, Rusiya sülhməramlılarının nəzarət zonasında olan Azərbaycan vətəndaşları seçicilər kimi qeydiyyata alındıqları Goris şəhərinə aparılır. Əslində, Qarabağ ermənilərinin seçki prosesinə cəlb edilməsi Koçaryan üçün ilk təcrübə deyil. Çünki uzun illər Koçaryan Serj Sarkisyanla birlikdə Ermənistanın siyasi quruluşunda Qarabağ klanını qurdu. İşğal illərində, Dağlıq Qarabağ sakinlərinin demək olar ki, hamısı qanunsuz olaraq Ermənistan vətəndaşlarının pasportlarını aldılar, buna görə də bu gün onlar rəsmi olaraq bu ölkənin vətəndaşı sayılırlar.
Siyasi ekspert Karen Koçaryan jurnalistlərə bildirib ki, seçicilərin pulla rüşvət alınması geniş yayılıb, lakin Ermənistanda bu, xüsusilə kobud şəkildə həyata keçirilir.
Ermənistanda mənfi miqrasiya tarazlığı son beş ayda 90 min nəfər təşkil edib
Bunlarla yanaşı, R.Koçaryan N.Paşinyana qarşı siyasi və mənəvi təsirlərini də davam etdirir. O, bu gün təşviqat kampaniyası çərçivəsində Kotayk bölgəsinin Yeqvard şəhərində bəyan etdi ki, Ermənistanda mənfi miqrasiya tarazlığı son beş ayda 90 min nəfər təşkil edib. Onun sözlərinə görə, bu, üç uzunmüddətli böhranın nəticəsidir: təhlükəsizlik böhranı, iqtisadi böhran (ÜDM-in azalması, işsizliyin artması və s.) Və daxili siyasi böhran…
Keçmiş prezident əlavə etdi ki, bu, Ermənistan üçün görünməmiş bir vəziyyətdir və bu gün bütün böhranlar yalnız cəmiyyətdəki parçalanma şəraitində özlərini rahat hiss edən hakimiyyətin səhv siyasəti nəticəsində süni şəkildə yaradılır. “Bütün bu vəziyyət olmasaydı, müharibədə məğlubiyyət olmazdı. Bu böhranlardan biri belə erkən seçkilərin keçirilməsi üçün kifayət edərdi. Üç böhranın hamısı Ermənistanda olmamışdı. 1996-cı ildə daxili bir siyasi böhran yaşandı, ancaq təhlükəsizlik böhranı olmadı və iqtisadiyyat çox yavaş inkişaf edirdi. 1998-ci ildə Qarabağ məsələsində bir böhran yaşandı, ancaq təhlükəsizlik böhranı olmadı. Bu vəziyyətdə günahkar və məsuliyyət daşıyan hazırkı hökumət bunu düzəldə bilməyəcək” – deyə, o vurğuladı.
Göründüyü kimi, Koçaryan ölkənin üzləşdiyi hazırkı ağır durumu Nikol Paşinyanın “ayağına yazır”. Lakin unudur ki, bu sadaladığı böhranlar Paşinyanın hakimiyyətdə olduğu son 2-3 ilin nəticəsi deyil, illərdən bəri elə özünün də həyata keçirdiyi səhv, yarıtmaz siyasətin nəticəsidir.
Paşinyan kimə və niyə prezidentlik vəd etdi?
Bu arada, Nikol Paşinyan da boş oturmur. Hraparak qəzetinin yazdığına görə, o, yenidən seçiləcəyi təqdirdə, Ermənistan Xalq Partiyasının başçısı Stepan Dəmirçyana siyasi rəqiblərinə qoşulmamaq şərti ilə prezidentlik vəd edib. Paşinyan Dəmirçyandan rəhbərlik etdiyi Ermənistan Xalq Partiyası üzvlərindən radikal müxalifəti və xüsusilə, ikinci prezident Robert Köçəryanın blokunu bu günlərdə tənqid etmələrini istəyib.
Qəzet yazır ki, əvvəlki seçkilərdə olduğu kimi, Dəmirçyanın da Erməni Milli Konqresi siyahısında fəxri bir yer tutacağı və Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın ona belə bir təklif etdiyi barədə şayiələr yayılmışdı. Ancaq göründüyü kimi, Dəmirçyan Paşinyanın vədini ciddi qəbul edib və gələcəkdə prezident olmaq perspektivini bəyənib.
Göründüyü kimi, Ermənistanda seçki ərəfəsində qeyr-sağlam mühit hökm sürür. Daxili qarşıdurmanın, kompromat və ifşa xarakterli çıxışların gün keçdikcə daha da güclənəcəyi istisna edilmir. Bunun fonunda ölkədə yenidən vətəndaş müharibəsinin baş vermə ehtimalı da var.
Twitter: @Elgun_Mensimov