Ermənistanda jurnalistlər quldurluq yolu ilə pul qazanır.
İrəvan rayonlarının ümumi yurisdiksiyalı məhkəməsi “analitik.am” saytının direktoru Ani Avanesyanı və onun köməkçisini günahkar sayıb və həbs etdirib.
Məsələ bundadır ki, Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan məhkəməyə ərizə ilə müraciət edib ki, saytın direktoru periodik olaraq onun özünün və ailəsinin barəsində, həmçinin deputatlıq fəaliyyəti barədə yalan məlumatlarla dolu materiallar dərc etdirir. Deputat məsələni həll etmək üçün bir neçə dəfə Ani Avetisyanla görüşüb, o, deputatdan hər ay 300 min dram (625 dollar – red.) verməyi tələb edib və əks halda bu cür materialların dərcini davam etdirəcəyini bildirib. Anlaşma əldə edilib ki, tələb olunan məbləğ hər ay öncədən müəyyən edilmiş yerdə çatdırılacaq. Kafelərdən birində pulun verilməsindən sonra Ani və köməkçisi tutulub.
Erməni mətbuatı qeyd edir ki, sayt periodik olaraq “VTB Armeniya” bankının nümayəndələrinin Azərbaycanla əməkdaşlıq etməsi barədə materiallar dərc edib. Bu cür məqalələrin dərcinin dayandırılması üçün sayt bankdan 1 milyon dram tələb edib. İmtina cavabı alan Ani Avetisyan “həqiqət və şərəf” uğrunda mübarizəsini davam etdirib.