Ermənistanda müxalifət razılığa gələ bilmir, Paşinyan hakimiyyətdə qala biləcəkmi?

Martın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan və “Çiçəklənən Ermənistan” müxalifət partiyasının lideri Qagik Tsarukyan arasındakı görüşdən sonra hökumət başçısı çoxdan gözlənilən xəbəri açıqladı: ölkədə iyunun 20-də erkən parlament seçkiləri keçiriləcək. İkinci Qarabağ müharibəsinin bitməsindən və Ermənistanın çıxılmaz vəziyyətə düşməsindən dörd ay yarım sonra hakimiyyət və müxalifət, nəhayət, böhrandan çıxmağın yeganə yolu kimi yenidən seçkilərin keçirilməsi barədə razılığa gəlsələr də ölkədə xaotik vəziyyət hələ də davam edir.

Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistanın düçar olduğu böhrandan çıxması üçün ən sabit və təhlükəsiz ssenari kimi iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərininin olduğu hesab edilib:

“Əvvəlcə bütün müxalifət qüvvələri Nikol Paşinyanın rəhbərlik etdiyi Kabinetin dərhal istefasını tələb etmələrinə baxmayaraq indi isə müxalifətin özü ortaq bir qərara gələ bilmir, öz aralarında belə fikir ayrılıqları, münasibətlərində uçurum mövcuddur. Bu isə ondan xəbər verir ki, Ermənistanda daxili çəkişmələr hələ də davam edir, böhran isə daha da dərinləşir.

Belə ki, Vətəni Qurtarma Hərəkatından vahid baş nazir namizədi olan Vazgen Manukyan bildirib ki, Nikol Paşinyan hökumətin başında qalarsa parlament seçkilərinə qatılmayacaq. Onun sözlərinə görə, mövcud hakimiyyət orqanlarının dürüst bir seçki keçirə biləcəyinə dair böyük şübhələr var. Mütəxəssislərin fikrincə, Hərəkatın bəzi təmsilçilərinin belə bir imtina etməsinə səbəb isə seçkilərin dürüst keçirilib-keçirilmə narahatçılığı deyil, sadəcə seçkidə uduza bilmə qorxuları olub. Çünki onların ümumiyyətlə ölkədə reytinqləri yoxdur. “Joxovurd” qəzetinin yazdığına görə “Vətənin Qurtuluşu Hərəkatı”ndan bəzi partiyaların liderlərinin görüşü də baş tutub ki, görüşdə, Koçaryan, üçüncü prezident Serj Sarqsyan,Vazgen Manukyan, “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyan, hərəkatın koordinatoru İşxan Saqatelyan və “Rodina” partiyasının rəhbəri Artur Vanesyan iştirak ediblər.

Qəzetin yazdığına görə, iclasda 20 iyun tarixində mövcud hakimiyyət orqanları tərəfindən keçiriləcək erkən seçkilərdə iştirak məsələsi müzakirə edilib. Manukyan hərəkatın istənilən nəticəni əldə edə bilməməsi, bütün potensialını və bütün mənbələrini istifadə edə bilməməsi və indi səlahiyyətlilərin qaydaları ilə oynamağa məcbur olduqlarından narazı qalıb və yenə də bildirib ki, seçkilərə qatılmayacaq və küçələrdə mübarizəyə davam edəcək. Baş nazirliyə müxalifət namizədi hərəkatdan bəzi qüvvələrin səlahiyyətlilərlə “ayrı” danışıqlara getdiklərinə eyham vurub. Beləliklə də, görünən mənzərə odur ki, Paşinyana qarşı mübarizədə müxalifət arasında bir-birinə inamsızlıq, fikir ayrılıqları mövcuddur.

Obyektiv reallıq budur ki, indi mövcud iqtidara qarşı real bir müxalifət yoxdur. Bu müxalifətə rəhbərlik edən insanlar yüzlərlə dəfə xalqın gözündə özlərini nüfuzdan salmış fiqurlardılar. Bu, Ermənistanın faciəsidir. Bir tərəfdən müharibədə məğlub olan bir baş nazir var, digər tərəfdən, hətta onun fonunda olsa da, Paşinyanla rəqabət edə biləcək bir siyasətçi yoxdur. Ölkədə keçirilən rəy sorğularını nəzərə alsaq hazırkı baş nazirin öz kreslosunu qorumaq üçün hər şansı var. Paşinyan hakimiyyətdə qalsa rəqib qüvvələrə qarşı atacağı addımların daha da radikal xarakter alacağı istisna olunmur”.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi bu, Ermənistanın daxili məsələsidir və biz ölkə olaraq digər ölkənin daxili işinə qarışmırıq:

“Burada bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib və 10 noyabr 2020-ci il tarixində Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atıb. Bundan sonrakı məqamlarda seçkilərin nəticəsindən və yaxud da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Ermənistan bu aktdan kənar davrana bilməz. Çünki həm dövlət, həm də cəmiyyət olaraq “Dəmir yumruğ”un dadını bir daha dadmağa hələ uzun illər hazır deyillər.

Yaranmış mənzərə ondan xəbər verir ki, 44 günlük müharibədə ağır məğlubiyyət və “Dəmir yumruğ”un gücü Ermənistanı fundamental olaraq silkələyib, ölkədə köklü sosial, iqtisadi, siyasi böhran yaradıb, eyni zamanda insanlarda gərgin mənəvi-psixoloji duruma səbəb olub. Bütün bunlar da nəticə etibarilə, ölkədə daxili qarşıdurmanın davam etdiyindən xəbər verir. Təkcə hərbi cəhətdən deyil, eyni zamanda erməni ideologiyasına da zərbə vuruldu. Bu baxımdan da Ermənistanın hələ uzun müddət vahid ideologiyadan çıxış etməsi mümkün deyil. Bu gün təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə də böyük zərbə vurulub. Reallıq isə odur ki, xalqı düşünən yoxdur, siyasi hakimiyyətə gəlmək uğrunda hərc-mərclik gedir, illərlə istifadə etdikləri Qarabağ kartını hələ də əllərində saxlamağa çalışırlar”.

Teqlər: