Ermənistanda müdafiə naziri niyə tez-tez dəyişir? – TƏHLİL

Xəbər - Çingiz Səfərli – Trend:

Artıq Ermənistanda Paşinyan iqtidarı dövründə dördüncü müdafiə naziri vəzifəyə təyin olunub. Bundan əvvəlki müdafiə naziri Arşak Karapetyan təxribatçı addımları ilə daha çox gündəmə gəlirdi. İşğaldan azad olunan ərazilərimizə qanunsuz səfər etməsi, Laçında hərbçilərimizə qarşı hücumlar və son günlərdə vəziyyətin daha da gərginləşdirilməsi bunun bariz nümunəsidir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov AzerTimes-a açıqlamsında bildirib ki, Ermənistan Müdafiə Nazirliyində, eləcə də Xarici İşlər Nazirliyində edilən dəyişikliklər Paşinyan rejiminin hakimiyyəti düzgün tənzimləyə bilmədiyini göstərir.

“Keçmiş müdafiə naziri Arşak Karapetyan təxribatlara çox yol verirdi və Paşinyana da baş ağrısından başqa bir şey gətirmirdi. Düşünürəm ki, son hadisələr də bunun bariz nümunəsidir. İstisna etmirəm ki, Karapetyanın bu davranışı Rusiyanın da xoşuna gəlmirdi. Bütün bu amillər Paşinyanı Müdafiə Nazirliyi rəhbərliyində dəyişikliyə vadar etdi. Yeni nazirin vəziyyəti nə dərəcədə nəzarətə ala biləcəyini, sülhə doğru irəliləyişimiz üçün nə kimi rolu olacağını indidən demək mümkün deyil. Bütün bunlar konkret olaraq yeni təyin olunmuş şəxsin bacarığından, iradəsindən, Paşinyan tərəfindən dəstək almağından, o cümlədən real vəziyyəti özü üçün müəyyənləşdirib, adekvat davranış sərgiləməyindən asılı olacaq” – deyə, millət vəkili bildirib.

Hərbi ekspert Ədalət Verdiyev isə AzerTimes-a açıqlamasında qeyd edib ki, Ermənistanda müdafiə nazirinin vəzifədən azad olunması onun 6-8 noyabrda Qarabağa qanunsuz səfər etməsindən sonra Azərbaycan tərəfinin sərt mövqe nümayiş etdirməsi ilə bağlıdır.

“Bilirik ki, Vətən müharibəsində qələbədən sonra Qarabağa iki yüksək vəzifəli erməni rəsmisi səfər edib. Onlardan biri keçmiş xarici işlər naziri Ara Ayvazyan idi, biri də sabiq müdafiə naziri Arşak Karapetyan. Onların hər ikisinin səfərdən qısa müddət sonra vəzifədən azad edilməsi artıq Paşinyan hakimiyyətinin Qarabağa səfərlərlə bağlı mövqeyini açıq-aşkar ortaya qoyur. Biz bu günə qədər Ermənistan hakimiyyətindən bu iki şəxsdən başqa heç bir rəsminin Qarabağa səfərini müşahidə etməmişik. Dolayısı ilə Ermənistan bu məsələdə Azərbaycan tərəfinin təzyiqlərinə məruz qaldığını və bu təzyiqləri qəbul etdiyini nümayiş etdirir” – deyə, ekspert bildirib.

Ə.Verdiyevin sözlərinə görə, yeni müdafiə nazirinin mülki şəxs olması isə onu göstərir ki, Paşinyanın başqa çıxış yolu qalmayıb.

“Yeni müdafiə naziri təyin olunan Suren Papikyan 3 ay əvvəl Ermənistanın infrastruktur naziri postuna təyin edilmişdi. Kifayət qədər üzüyola bir məmur olub. Görünür, Paşinyanın da bu vəzifəyə mülki şəxsi təyin etməkdən başqa variantı qalmayıb. Çünki Ermənistanın 40 nəfərdən ibarət hərbi elitası Paşinyana qarşı bəyanat imzalamışdı. Bəyanatda imzası olan generalların isə bu vəzifəyə təyin edilməsi onun hərbi elita qarşısında məğlubiyyətini göstərərdi. Dolayısı ilə Paşinyan mülki şəxsləri vəzifəyə təyin etməklə Müdafiə Nazirliyinin təxribatlardan çəkinməyə meyilli olduğunu nümayiş etdirir. İstənilən halda vəzifəyə təyin olunan müdafiə naziri hakimiyyətdə olan siyasi rəhbərliyin əmr və göstərişlərini yerinə yetirmək məcburiyyətindədir. Amma bəzən olur ki, şəxsi təşəbbüsləri ilə təxribatlara yol verə bilərlər. Ehtimal etmək olar ki, Suren Papikyan sələflərindən fərqli olaraq daha yumşaq hərbi siyasət yeridəcək” – deyə, ekspert əlavə edib.

Qeyd edək ki, Ermənistan KİV-lərində yayılan məlumata görə, yeni müdafiə naziri Suren Papikyan 2010-2016-cı illərdə Yerevan məktəblərindən birində tarix müəllimi işləyib. Həmçinin “asfalt maqnatı” kimi tanınan Papikyan keçmişdə məhkum həbs həyatı yaşayıb. Belə ki, o, orduda xidmət etdiyi dövrdə komandirini bıçaqladığı üçün barəsində cinayət işi başlanılıb. 2006-cı il martın 27-də isə törətdiyi əmələ görə təqsirli bilinən Suren Papikyan 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 2007-ci il fevralın 23-ü amnistiya ilə azadlığa buraxılıb.

Teqlər: