Ermənistan Baş naziri Nikol Paşinyanın bu yaxınlarda Avropaya səfəri baş verməkdə olan proseslərlə (sərhədin delimitasiya və demarkasiyası – red.) bağlıdır və görünür o, bütün bunlar haqqında avropalılarla danışıqlar aparıb.
AzerTimes “Azad İran”a istinadla xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İLNA-da dərc edilən məqaləsində yazıb.
“Nikol Paşinyan dəfələrlə sözügedən dörd kəndin Azərbaycana qaytarılmalı olduğunu bildirib. Bu arada Qarabağda separatçılıqla məşğul olmuş bəzi qüvvələr buna etiraz ediblər, məncə, onların arxasında ruslar dayanır. Belə ki, Gürcüstanda hərbi hərəkətlənmələr baş verdi, habelə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması da belə planlardan biri idi.
Ermənistan indi daha çox Qərblə koordinasiyaya doğru irəliləyib, eyni vaxtda Rusiya da daxildən və xaricdən Nikol Paşinyana təzyiq göstərmək istəyir. Ona görə də Ermənistanda vəziyyət başqa istiqamətdə irəliləyir. Azərbaycan-Ermənistan sərhədində minalardan təmizləmə əməliyyatları və sərhədlərin işarələnməsinə başlanılıb. Düşünürəm ki, Nikol Paşinyan cəsarətli addım atıb.
Paşinyanın Avropada danışıqları da olub. Hətta Azərbaycan Prezidenti tərəfindən də xəbərdarlıqlar alıb. Hesab edirəm ki, bu istiqamətdə növbəti addım Ermənistan Konstitusiyasının dəyişdirilməsi ola bilər”, – o bildirib.
Ə.Süleymanının fikrincə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması tarixini dəqiq təxmin etmək olmaz:
“Ancaq iki tərəf arasında sülhün əldə olunmasına yaxınlaşmanı göstərə biləcək mühüm proseslər gedir”.