Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistanda ola biləcək hakimiyyət dəyişikliyinin 10 noyabr razılaşmasının icrasında hər hansı bir problem yaradacağı inandırıcı görünmür. Çünki Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidentinin imza atdığı sənədə qarşı çıxmaq iradəsinə sahib deyil.
Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.
Onun sözlərinə görə, bu mənada, hətta ən qatı revanşist dairələr belə hakimiyyətə gələcəkləri təqdirdə, 10 noyabr bəyanatından irəli gələn öhdəliklərin yerinə yerinə yetirilməsindən boyun qaçıra bilməzlər:
“Ona görə də Ermənistanda gedən proseslər regiondakı mövcud geosiyasi düzənə təsir edə biləcək imkana sahib deyil.
İkincisi, Ermənistan dövlət olaraq Azərbaycanla yeni bir müharibəyə başlamaq iradəsində və iqtidarında deyil. 44 günlük müharibə Ermənistanın təkcə hərbi müstəvidə rüsvayçı məğlubiyyəti ilə nəticələnmədi, bu müharibə həm də saxta və zərərli erməniçilik ideologiyasının məhv olmasına gətirib çıxardı. İllərdir təbliğ olunan qondarma miflər darmadağın edildi. Erməni xalqı Azərbaycan ordusunun qüdrətini və gücünü dərk etmiş oldu. Bir növ, ağır psixoloji travma aldılar. Fiziki və mənəvi baxımdan darmadağın olmuş bir dövlətin Azərbaycana qarşı yeni bir müharibəyə başlamağa güc tapacağını düşünmürəm”.
C.Əhmədlinin fikrincə, digər tərəfdən isə Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz olunması prosesi davam edir:
“Türkiyə ilə hərbi-texniki əməkdaşlığımız daha da genişlənir. Hədəf olaraq, qardaş ölkənin ordu modeli əsas götürülüb və bu istiqamətdə zəruri addımlar atılmaqdadır. Bütün bunlar ona görə edilir ki, biz hər bir ehtimalı nəzərə alaraq öz milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin etməliyik. Erməni faşizminin başı əzilsə də, gələcəkdə hansı hadisələrin baş verib-verməyəcəyinə heç kəs zəmanət verə bilməz. Düşmən nə vaxtsa qisas niyyətinə düşsə, “dəmir yumruğumuzu” öz başı üzərində hiss etməlidir. Bu mənada müdafiə potensialımızın getdikcə daha da artması gələcəkdə Ermənistanın müharibə arzularını cilovlayacaq səbəblərdən biri olacaq”.