Ermənistanda hazırda baş verən etirazlar müxalifət və kilsənin Paşinyan hökumətini devirmək üçün etdiyi bəlkə də son cəhddir. Onlar xalqı ayağa qaldırmaq istəyirlər.
Bu sözləri AzerTimes-a Ermənistandakı etiraz aksiyaları haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
Siyasi şərhçi etirazların inqilaba çevrilməsi üçün şərtlərin formalaşmadığını bildirib:
“Etirazçıların sayı kifayət qədər deyil, eyni zamanda etiraz aksiyalarını təşkil edən qüvvələrin Ermənistan cəmiyyətində mövqeyi zəifdir. Digər tərəfdən isə qanunvericilikdə aksiyalara rəhbərlik edən keşiş Baqratın hakimiyyətə gəlməsinə maneələr var. Birincisi, o, Ermənistan vətəndaşı olmaqla yanaşı, həm də xarici ölkə vətəndaşıdır; ikincisi isə Baqrat Qalstyan son dörd ildə ölkədə yaşamayıb. Bu səbəbdən o, Konstitusiyaya görə hansısa vəzifə tuta bilməz. Biraddımlı və çoxaddımlı hərəkətlər var. Bunun üçün kütlənin sayı kritik həddə çatmalı, təşkilatlanma yüksək səviyyədə olmalı, hakimiyyətdə isə zəiflik, parçalanma özünü göstərməlidir. Hazırda sadalanan kriteriyaların heç birini Ermənistandakı iğtişaşlarda görmürük. Paşinyan isə Qərbdən tam dəstək aldığı üçün güc tətbiq etməklə etirazları yatırmaqla məşğuldur”.