Özbəkistanda yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə AzerTimes-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) rəhbəri Firdovsi Hüseynovun imzası ilə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Özbəkistanda yaşayan Azərbaycan icmasının yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı nəzərə çatdırılıb.
RAMMM beynəlxalq birliyi Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində təzyiqləri artırmağa çağırıb.