İyulun 7-də Xudafərin körpüsü yaxınlığında Ermənistanın Araz çayını çirkəndirməsinə etiraz etdikləri üçün İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan 6 güneyli fəala işgəncə edilib.
AzerTimes xəbər verir ki, bu barədə fəallar özləri danışıblar.
Mustafa Əvəzpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Noruzi adlı fəallar 28 saat dindirildikdən sonra sərbəst buraxılsalar da, Sədullah Sasaninin durumu ağır olduğu üçün o, təhlükəsizlik idarəsində saxlanılıb.
“Bizi saxladıqdan sonra mobil telefon və başqa şəxsi əşyalarımızı aldılar, buraxıldıqdan sonra da geri qaytarmadılar. Məmurlar bizi mümkün qədər incidirdilər, təhqir edir, isti havada günəş altında barmaqlıqlara qandallayaraq ac-susuz saxladılar. Dindirmə zamanı bizi dəfələrlə ölümcül şəkildə döydülər. Sədulla Sasaniyə isə daha ağır işgəncələr verildiyi üçün onun vəziyyəti ağırlaşdı və məsələ ictimailəşməsin deyə onu həbsdən buraxmadılar”, – fəllar bildiriblər.
Qeyd edək ki, Ermənistanın Mestamur AES-in zəhərli tullantılarının Araz çayına axıdılması nəticəsində Güney Azərbaycan bölgələrində kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyib, bölgədə xərçəng xəstəliyi geniş yayılıb. Fəallar buna etiraz məqsədilə Araz çayının sahilinə gedərkən İran təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar.