Ermənistana aid olan silahlıların Qarabağdan çıxarılması prosesi gedir – AÇIQLAMA

Xəbər - Elçin Mehdiyev – Trend:

Noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatdan 3 ay keçir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, müharibələr tarixində cəmisi 44 gün kimi qısa müddətdə belə həlledici nəticələr əldə etmək və belə mürəkkəb bir problemə sadəcə bəyanat vasitəsilə ona son qoymaq görünməmiş bir hadisədir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi bu şəkildə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı:

“Beləliklə, nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə düşmənə sübut etdi. Elə üçtərəfli bəyantda öz əksini tapan 9 maddəlik bəndlərin icra olunması da eyni uğurla həyata keçirilməkdədir və bu proses sürətlə davam edir. Ən kritik və çətin mərhələ artıq arxada qalıb. Bu noyabr ayının 10-dan sonrakı 20 gündə Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun olaraq işğaldan azad olunması idi ki, bu, vaxtında yerinə yetirildi. Yəni 20 gün müddətində dekabr ayının birinə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının geridə qalan təqribən yarı hissəsini də azad etdi”.

Deputat qeyd edib ki, ikinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarını bərpası məsələsi idi ki, bu da artıq həyata keçirilməkdədir və əlavə razılaşmalarda öz əksini tapıb:

“Üçüncüsü Türkiyə-Rusiya ortaq nəzarət mərkəzinin yaradılması idi ki, bu da artıq baş tutub. Hazırda isə erməni icması içərisində olan silahlıların və terroristlərin təmizlənməsi, Ermənistana aid olan silahlıların erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi gedir. Azərbaycan tərəfi buna ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də bu davam edəcək.

Hazırda azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu da təmin ediləcəkdir. Önümüzdəki mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat koridorunun yaradılması istiqamətində fəaliyyətlər başlayacaq. Ümumiləşdirməyə çalışsaq, görünən mənzərə odur ki, hər şey Azərbaycanın nəzarəti alatındadır və kiçik insidentlər istisna olmaqla üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur”.

Teqlər: