Ermənistan yoxa çıxa bilər: onlara yazığım gəlir – Vasserman

Ermənistan yoxa çıxa bilər: onlara yazığım gəlir – Vasserman

AzerTimes Rusiya Dövlət Dumasının Təhsil komitəsinin üzvü, televiziyada intellektual oyunların iştirakçısı Anatoli Vassermanın Oxu.az-a müsahibəsini təqdim edir:

– Siz heç vaxt Ermənistana rəğbətinizi gizlətməmisiniz. Son aylarda Ermənistanın Qərbə doğru çevrildiyi göz qabağındadır. Ermənistanın rəhbərliyi KTMT, MDB və Aİİ sammitlərində iştirak etmir. Siz bu barədə nə düşünürsünüz? Coğrafi və siyasi reallıqları nəzərə alsaq, Ermənistanın birdəfəlik Qərbə üz tutması realdırmı?

– İlk növbədə qeyd edim ki, mənim, həqiqətən də Ermənistana simpatiyam var. ABŞ texnologiyalarından istifadə edərək növbəti rəngli iğtişaşlar vasitəsilə hakimiyyəti ələ keçirən Ermənistanın indiki rəhbərliyinə isə zərrə qədər də rəğbətim yoxdur. Mənim Corc Sorosa və sorosçulara heç bir hörmətim yoxdur və tam əminəm ki, onlar yalnız hakimiyyəti ələ keçirdikləri ölkələrə və xalqlara zərər vurmağa qadirdirlər. Əslində, Nikol Paşinyanın komandası beş ildir ki, elə bununla məşğuldur. İstisna etmirəm ki, onlar Ermənistanı siyasi “Kama Sutra”nın hansısa ekzotik pozasında ABŞ-ın istifadəsinə verəcəklər.

Təbii ki, ermənilərə çox yazığım gəlir, amma digər tərəfdən, 2021-ci ilin növbədənkənar parlament seçkisində Paşinyan və onun əlaltıları öz dağıdıcı qabiliyyətlərini inandırıcı şəkildə nümayiş etdirdikdən sonra belə, bu komanda yenə də parlamentdə səs çoxluğu əldə etdi. Məhz həmin andan etibarən erməni seçicilərin əksəriyyəti onların başına gətirilənlərə görə məsuliyyət daşıyır.

Coğrafi mövqeyə gəlincə, Ermənistan çoxdan idi ki, Rusiya, Türkiyə və İran arasında balans yaratmağa çalışırdı… İstənilən halda, əminəm ki, erməni dövlətçiliyinin məhv edilməsi Ermənistanın qonşuları üçün vəziyyəti daha da qəlizləşdirəcək.

– Bəs Ermənistanın özü kimə lazımdır? O, Fransadan, ABŞ-dən yardım alır…

– Amerikalılar indi bütün dünyada, o cümlədən sizin regionda maksimum qeyri-sabitliyin olmasında maraqlıdırlar. Başqa ölkələrin başına gələnlərin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Daha çox münaqişənin olması vacibdir. Əgər münaqişə üçün zəmin yoxdursa, bunu özləri yaradırlar. Fransaya gəlincə, 19-cu əsrdən bəri orada çoxlu erməni yaşayır. Fransa siyasətçiləri öz mövqelərini nəzərə almağa məcburdurlar. Amma Fransadakı erməni diasporundan başqa, Qərbdə heç kimin Ermənistana ciddi ehtiyacı yoxdur.

– Bəs bu nə deməkdir? Bayaq qeyd etdiyiniz erməni dövlətçiliyinin yoxa çıxması, məhv edilməsi?

– Ermənistan dövlətçiliyinin yoxa çıxmasını istisna edə bilmərəm. Bizə dünya tarixindən məlumdur ki, belə hallar olur.

Teqlər: