Ermənistan xəbərdarlıqlara məhəl qoymasa, daha ağır zərbələr ala bilər – Hərbi ekspert

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Əgər Ermənistan tərəfi Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayıb növbəti dəfə də təxribata cəhd edərsə, daha ağır və sarsıdıcı zərbələr ala bilər.

Bunu AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bunun üçün lazım olan bütün proseslər həyata keçirilib:

“Son günlər Ermənistanın Azərbaycanla sərhəddə, xüsusilə də Laçın və Kəlbəcər istiqamətində yaratdığı süni gərginlik hər kəsə məlumdur. Rəsmi Bakının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Ermənistan Azərbaycan ərazilərinə müdaxilə etmək niyyətlərindən əl çəkməyərək, əsgərlərimizə qarşı atəş belə açmaqdan çəkinmədi.

Azərbaycan növbəti dəfə də Ermənistana xəbərdarlıq etdi, lakin xəbərdalığa məhəl qoymayan Ermənistan ərazilərimizə diversiya qrupu göndərdi. Onların bu cəhdinin qarşısını hərbi qulluqçularımız uğurla ala bildilər.

Gecə saatlarında Ermənistanın kəşfiyyat diversiya qrupları Kəlbəcərin Yuxarı Ayrım kəndi istiqamətindən Azərbaycan ərazilərinə keçməyə cəhd göstərərkən və həmin təminat yollarını minalamq istədikdə, qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq ələ keçirilib.

Ə.Verdiyev qeyd edib ki, bundan əlavə Ermənistan tərəfinin sərhəd yaxınlığında tanklar da daxil olmaqla döyüş texnikalarını cəmləşdirməsi, Ermənistanın növbəti dəfə təxribatlara hazırlaşdığını göstərir:

“Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri növbəti erməni təxribatlarının əvvəllər olduğu kimi bu dəfə də qarşısını almağa tam hazırdır”.

Teqlər: