Mayın 22-də baş tutan Brüssel görüşü Azərbaycan Prezidentinin
siyasi və diplomatik fəaliyyətinin məntiqi davamının nəticəsində
həyata keçirilən vacib görüşdür. Prezident İlham Əliyev hər zaman
tələblərini ortaya qoymuş və haqlı mövqeyimizi yüksək səviyyədə
müdafiə etmişdir. O, diplomatik müstəvidə liderlik nümayiş
etdirmiş, peşəkarlığı sayəsində ölkəmizi layiqincə təmsil etmişdir.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə isə bütün
dünyaya Azərbaycan dövlətinin və onun başçısının gücünü göstərdi.
Məhz bunun nəticəsində Azərbaycan şərtləri diqtə edən tərəfə
çevrilib. Bizim əsas amalımız isə sülhün əldə olunmasıdır. Bu da
regionun inkişafı, vətəndaşların əmin-amanlığı üçün əsas şərtdir.
Sülh təbliğatçısı missiyasını həyata keçirən Azərbaycan dövləti
regionda sülhün təminatçısı ola biləcək ölkədir. Azərbaycan
tərəfinin şərt və istəkləri bizim haqqlı mövqeyimiz olmaqla yanaşı
ümumilikdə regionun inkişafına yönəlib. Brüssel görüşündə əldə
olunan nəticələr də bunu sübut edir.
Sonuncu üçtərəfli görüş Prezident İlham Əliyevin Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol
Paşinyanla birgə 3-cü müzakirəsi idi. Avropa İttifaqının
vasitəçiliyinin səmərəliliyinə gəldikdə isə cənab Prezident Şarl
Mişelin 2 ölkə arasında Sülh müqaviləsinin hazırlanması,
münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin
açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə
verdiyi dəstəyi yüksək qiymətləndirdiyini ifadə etdi. Görüşün
nəticəsində bir sıra məsələlərlə bağlı razılıqların əldə edilməsi
Sülh müqaviləsinin imzalanmasının yaxın zamanlarda baş tutacağına
əminlik yaradır. Sərhəd məsələləri, nəqliyyat əlaqələrinin
açılması, sülh sazişinə dair məsələlərin müzakirəsi istiqamətində
əldə olunan razılıqlar Brüssel görüşünün məhsuldarlığını göstərir.
Prezident İlham Əliyev ölkəyə geri döndükdən sonra Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında
sərəncam imzaladı. Ermənistanın Baş naziri də eyni mahiyyətli
sənədi imzalayaraq işlərə başlamışdır. Bu hal görüşdə müsbət
nəticələrin əldə olunmasına işarə edir.
Sülh sazişinin imzalanması bütövlükdə regionun inkişafına böyük
fayda verəcək. Qarşı tərəf Azərbaycanın humanizm dəyərlərinə
əsaslanaraq yaratdığı şansdan düzgün şəkildə faydalanmağı bacarsa
bununla regionda uzunmüddətli sülhün təmin edilməsinə nail
olunacaq. Bu da öz növbəsində yeni imkanlar yaradacaq. Azərbaycan
tərəfi milliyyətindən, mənsubiyyətindən asılı olmayaraq insanların
rahat yaşamasına səbəb olacaq addımlar atacaq. Ermənistən vaxt
itirmədən Azərbaycanın qoyduğu şərtləri qeyd-şərsiz qəbul etməli və
prosesin sürətlənməsində töhfələr verməli, qısaca üzərinə düşən
öhdəlikləri yerinə yetirməlidir.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin
İsmayılov