Baş Prokurorluğun İstintaq idarəsində Ermənistan Respublikasının hərbi-siyasi rejimi tərəfindən BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulması ilə əlaqədar 8 cinayət işinin ibtidai istintaqı aparılır.
AzerTimes xəbər verir ki, bunu Trend-ə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, həmin cinayət işləri üzrə 17 nəfər xarici ölkə vətəndaşları (Rusiya, Gürcüstan, Fransa) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və həmin şəxslərin “İnterpol”un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarışa verilməsi təmin edilib:
“Həmin şəxslər sosial şəbəkələrdə öz müsahibələrində işğal olunmuş ərazilərimizdə Ermənistan Silahlı Qüvvələrinin sırasında olmalarını bildirmişlər və həmin şəxslərin döyüşlərdə iştirak etmələrini əks etdirən foto və video materiallar mövcuddur. Həmin şəxslərin tutulub istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir, o cümlədən bununla bağlı aidiyyəti ölkələrə çoxsaylı hüquqi yardım haqqında vəsatətlər də göndərilib”.